azturkxeber.az
http://azturkxeber.az

Professor Kamran Musayevin daha bir uğurlu ürək əməliyyatı

15-10-2025

Tanınmış ürək-damar cərrahı, professor Kamran Musayev daha bir mürəkkəb açıq ürək əməliyyatını uğurla həyata keçirib.

Əməkdar həkim, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru Kamran Musayev son günlərdə səhhətində ciddi problem yaranan ziyalılarımızdan biri – Əli Məhərrəm oğlu Mehdiyevin həyatını xilas edib. Müayinə zamanı xəstədə təcili ürək əməliyyatına ehtiyac olduğu müəyyənləşib və bu çətin cərrahi müdaxilə yüksək peşəkarlıqla professor Kamran Musayev tərəfindən icra olunub.

Kamran Kazım oğlu Musayev 30 oktyabr 1973-cü ildə Qərbi Azərbaycanda ziyalı ailəsində anadan olub. 1990-cı ildə Bakıdakı kimya-biologiya təmayüllü liseyi qızıl medalla bitirib.

1996-cı ildə İstanbul Universitetinin İstanbul Tibb Fakültəsini bitirdikdən sonra, elə həmin il ürək-damar cərrahiyyəsi üzrə rezidentura təhsilinə başlayıb. 2002-ci ildə Cərrahpaşa Tibb Fakültəsi və Florence Nightingale Xəstəxanasında ixtisaslaşmasını başa vuraraq vətənə dönüb və o vaxtdan etibarən Mərkəzi Klinik Xəstəxanada çalışır.

2006–2009-cu illərdə xəstəxananın icraçı direktorunun tibb işləri üzrə müavini, 2009-cu ildən isə baş həkimi vəzifəsində çalışır.

Professor Kamran Musayev Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin təsisçilərindən biridir. 2004–2023-cü illərdə quruma rəhbərlik edib və hazırda fəxri sədr olaraq fəaliyyətini davam etdirir.

Onun beynəlxalq təcrübəsi də zəngindir. İngiltərədəki Harefield Hospital və ABŞ-da yerləşən Mayo Clinic-də ixtisasartırma kursları keçib. Həmçinin Harvard Tibb Məktəbinin “Cərrahlar üçün idarəçilik” proqramını uğurla başa vurub.

Professor Musayevin çoxsaylı elmi məqalələri yerli və beynəlxalq jurnallarda dərc olunub, o, tez-tez nüfuzlu beynəlxalq konfranslarda çıxış edir. Həmçinin, ictimai maarifləndirmə məqsədilə mütəmadi olaraq mediada çıxışlar edir.

Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə 2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar həkim” fəxri adına, 2023-cü ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb və əczaçılıq elmləri üzrə ekspert şurasının sədridir.

Redaksiyamız professor Kamran Musayevə bu uğurlu əməliyyat və ümumilikdə uzun illərdir göstərdiyi misilsiz xidmətlərə görə təşəkkür edir, gələcək fəaliyyətində yeni uğurlar arzulayır.

Azturkxeber.az İnformasiya Agentliyini






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031