Şpitsbergenin qış iqlimində kəskin dəyişikliklər qeydə alınıb
Avropalı iqlimşünaslar aşkar ediblər ki, Şpitsbergen arxipelaqının qar və buz örtüyünün nəzərəçarpacaq hissəsi yoxa çıxıb, arxipelaqın qış iqlimi isə cari ilin fevralında baş vermiş rekord istiləşmə nəticəsində radikal şəkildə dəyişib. Həmin istiləşmə zamanı qış aylarında orta hava temperaturu normadan 12 dərəcə Selsi yüksək olub.
Bu barədə Londonun Kraliça Meri Universitetinin mətbuat xidməti məlumat yayıb.
“Sonuncu ekspedisiyamız zamanı biz yeni yağan qarı öyrənməyi planlaşdırırdıq. Lakin iki həftəlik müşahidə dövründə bu cür nümunələri cəmi bir dəfə götürə bildik, çünki digər bütün günlərdə yağıntılar yağış şəklində düşürdü. Nəticədə ərazidəki qar və buz təbəqəsinin demək olar ki, tam əriməsi baş verdi. Bu, təkcə tədqiqat üçün nümunə toplamağımıza mane olmadı, həm də bu cür qış ekspedisiyalarının təhlükəsizliyini şübhə altına aldı,” – deyə universitetin əməkdaşı Laura Monkayo bildirib.
Tədqiqatçıların sözlərinə görə, bu ekspedisiya çərçivəsində aparılan müşahidələr arxipelaq ərazisində son illərdə iqlim rejimində kəskin dəyişikliklərin baş verdiyini göstərir. Bu dəyişikliklər orta qış temperaturunun bəzi dövrlərdə uzun müddət sıfır dərəcəni aşması ilə əlaqələndirilir.
“Orta temperaturun sıfır dərəcəni keçməsi təkcə temperatur anomaliyasının göstəricisi deyil. Bu hadisə Arktikanın qış iqlim dinamikasında fundamental dəyişikliklərin əlamətidir. Bu cür epizodik istiləşmələr təbiətə, o cümlədən buzun əmələgəlmə prosesinə, mikroorqanizmlərin aktivliyinə, qida maddələrinin dövranına və daimi donuşluq vəziyyətinə uzunmüddətli və ciddi təsir göstərir”, – deyə alimlər “Nature Communications” jurnalında dərc olunan məqalədə qeyd edirlər.
Tədqiqatçılar bildirirlər ki, bu dəyişikliklərin parlaq və aydın nümunəsi olaraq, Yer kürəsinin ən şimaldakı daimi yaşayış məntəqəsi olan Nyu-Olesun yaxınlığında əriyən sular nəticəsində nəhəng göllərin formalaşması müşahidə olunub. Havanın davamlı yüksək temperaturu nəticəsində bu göllərin səthində və qardan-buzdan azad olunmuş digər tundra ərazilərində yosunlar sürətlə çoxalmağa başlayıb, açıq torpaqlarda isə bitkilər cücərməyə və torpaq mikrobları “oyanmağa” başlayıb.
İqlimşünasların sözlərinə görə, buz nümunələri üzərində apardıqları analizlər göstərir ki, bu istiləşmə təsadüfi anomaliya deyil, Şpitsbergenin qış iqlimində baş verən sistemli dəyişikliklərin təbii nəticəsidir. Alimlərin fikrincə, bu, insanların Arktikada qlobal istiləşmənin miqyasını və sürətini ciddi şəkildə dəyərləndirmədiyini göstərir.