Tədqiqat: Pəhriz beyin sağlamlığını yaxşılaşdıra bilər
ABŞ-ın Missuri Universiteti alimlərinin yeni araşdırması göstərib ki, yüksək yağlı və az karbohidratlı, yəni ketogenik pəhriz beyin sağlamlığını qorumağa və Alsheymer xəstəliyi riskini azaltmağa kömək edə bilər.
Tədqiqatın nəticələrinə görə, bu pəhriz APOE4 geninə malik şəxslər üçün xüsusilə faydalı ola bilər. APOE4 geni Alsheymer xəstəliyi üçün ən güclü genetik risk faktorlarından biridir. Siçanlar üzərində aparılan sınaqlarda APOE4 geninə malik dişilərin ketogenik pəhrizlə qidalanarkən daha sağlam bağırsaq mikroflorasına və daha çox beyin enerjisinə sahib olduqları müəyyən edilib. Kişilərdə bu təsir zəif olsa da, nəticələr pəhrizin kimlər üçün daha faydalı ola biləcəyinə işıq salır. Alimlər bildirirlər ki, ketogenik pəhriz beynin enerji mənbəyini dəyişdirərək fayda göstərə bilər. Karbohidratlar azaldıqda orqanizm qlükoza əvəzinə ketonlardan istifadə etməyə başlayır və bu, beyin hüceyrələrinin sağlam qalmasına kömək edə bilər.
Missuri Universitetinin professoru Ai-Linq Lin qeyd edib ki, hər kəs üçün eyni pəhriz uyğun olmaya bilər və genetik quruluş, cins, yaş kimi fərdi amillər nəzərə alınmalıdır.
Tədqiqatın nəticələri “Journal of Neurochemistry” jurnalında “Ketogenik pəhriz siçanlarda bağırsaq mikrobiota-beyin metabolit oxunu cins və genotipə xas şəkildə modulyasiya edir” başlığı ilə dərc olunub.
Alimlər ümid edirlər ki, araşdırma gələcəkdə Alsheymer xəstəliyinin qarşısını almağa yönəlmiş erkən müdaxilələr üçün yeni imkanlar yaradacaq.