azturkxeber.az
http://azturkxeber.az

Qaziantepdə fransızların cinayətləri və ermənilərin xəyanətini xatırlayırlar

12-10-2025

Fransanın Türkiyənin bir neçə cənub bölgəsini işğalı zamanı törətdiyi bəşəriyyətə qarşı cinayətlər, ermənilərin xəyanət və vəhşilikləri Qaziantepdə bir milyondan çox ziyarətçi toplayan “25 dekabr - Qəhrəmanlıq panoraması” muzeyinin kolleksiyasında öz əksini tapıb.

Muzeyin əməkdaşı, tarixçi Sultan Karaoğlan bildirib ki, 1919-cu il yanvarın ortalarında həmin dövrdə Antep kimi tanınan şəhərə ilk gələnlər ingilislər olub, lakin Parisin təzyiqi ilə qısa müddətdə Cənubi Anadolunu tərk ediblər və onların yerini “erməni legionu”nun da daxil olduğu Fransa ordusu tutub.

“1919-cu il oktyabrın 29-da fransızların Antepə daxil olması şəhərdə yaşayan türklərin kəskin narazılığına səbəb oldu. Türklər fransızların qonşu vilayətlərdə törətdikləri qanlı cinayətləri bilirdilər və buna görə də onların şəhərdə olmasını istəmirdilər. Eyni zamanda, Antepdə yaşayan təxminən 30.000 erməni də Antep administrasiyasını dəstəkləyib və əsrlər boyu yan-yana yaşadıqları türklərə xəyanət edib”, - deyə S.Karaoğlan diqqətə çatdırıb.

Onun sözlərinə görə, ermənilər fransızların xidmətində tərcüməçi kimi işləməyə başlayıblar, əhali arasında çaxnaşma salıblar, türklərin silah saxladıqları yerləri işğalçılara açıblar.

“İşğal başlayandan sonra ermənilər Antepdə türklərin yaşadıqları məhəllələri tərk edərək dinc əhaliyə qarşı kütləvi cəza tədbirlərinə yol açmağa başlayıblar”, - deyən muzey əməkdaşı məhz ermənilərin təkidi ilə fransızların Anadolunun onların nəzarətində olan ərazilərini “Kilikiya” adlandırmağa başladığını qeyd edib. “Erməni legionu”nun fotoşəkilləri, eləcə də Antepin işğalı zamanı ermənilərin istifadə etdiyi silahlar və uniformalar muzey eksponatları arasında var. Burada, həmçinin bir yerli erməninin “bütün bunlardan sonra türklərlə üz-üzə necə gələcəyik” etirafı yer alır. Tarixçi 1919-cu il noyabrın 5-də erməni tərcüməçinin müşayiəti ilə Antep məscidlərindən birinə gələn fransızların dini binadan türk bayrağını sökməsinin xalqın səbrini daşıran son damla olduğunu xatırladıb.

S.Karaoğlan qeyd edib ki, həmin il noyabrın 23-də ümumşəhər mitinqi keçirilib, onun iştirakçıları işğalçıların əməllərini pisləyiblər.

Muzey əməkdaşı deyib: “1920-ci ilin yanvarında türk müqavimət dəstələri (Küvai-yi Milliyə) şəhərdən qovulan fransızlara qarşı silahlı mübarizəyə başladılar. Antepin 10 aylıq mühasirəsi zamanı işğalçılarla döyüşdə şəhəri 6317 müdafiəçisi həlak oldu”.

Hücum zamanı fransız ordusu o zaman nadir olan tanklarla irəliləyib, həmçinin qadağan olunmuş 122 mm-lik silahlardan və zəhərli qazdan geniş istifadə etdi. Qaziantepə atılan mərmilərin sayı 80 minə çatıb, nəticədə xəstəxanalar və məscidlər də daxil olmaqla 6 min bina dağılıb. Aclıq və su çatışmazlığı türk müqavimət qüvvələrini 9 fevral 1921-ci ildə Antepdən çıxmağa məcbur etdi.

"Fransızlar Antepi ələ keçirdikdən sonra türkləri rəqəmlərlə işarələməyə başladılar. Bu, işğalçılara erməniləri ayırmağa imkan verdi və işarələnmiş müsəlmanların hamısı öz nömrələri ilə çağırıldı. İşgəncə ilə üzləşənlər işarələnməkdən imtina etdilər", - deyə tarixçi izah edib.

İşğalçı qoşun hissələri Kavaklı bölgəsindəki bütün ərazidə məşhur olan çinarları da kəsərək ekoloji soyqırımı törədiblər. Tarixçi izah edir ki, bəhanə türk döyüşçülərinin böyük ağac gövdələrinin arxasında gizlənə bilmələri olub.

Türklərin əks-hücumlarına tab gətirə bilməyən fransızlar Ankara müqaviləsini imzalamağa məcbur oldular və iki il davam edən işğaldan sonra 25 dekabr 1921-ci ildə Qaziantepdən və bütövlükdə Anadolunun cənub bölgələrindən geri çəkildilər. Bu gün hər il Qaziantepin azad edilməsinin ildönümü kimi qeyd olunur.

Fransızlara və ermənilərə qarşı mübarizədə göstərilən qəhrəmanlıq Ankarada alqışlarla qarşılanıb. 1921-ci il fevralın 8-də Türkiyə parlamenti Antepə “qazi” statusu verilməsi haqqında qərar qəbul edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031