Kopenhagendə Azərbaycanın Zəfər Günü və Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunub
Kopenhagenin “Albertslund” Mədəniyyət Mərkəzində Azərbaycanın İkinci Qarabağ müharibəsində Zəfərinin 5-ci ildönümü və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir İsveçdə yaşayan azərbaycanlı pianoçu Aynur Məlikovanın təşəbbüsü ilə baş tutub.
Konsertdə 200-dən çox musiqisevər - Azərbaycan və türk diasporlarının nümayəndələri, həmçinin çoxsaylı Danimarka tamaşaçısı iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan “Vətən” Danimarka-Azərbaycan Cəmiyyətinin sədri Mehriban Əliyeva musiqi ilə milli qüruru birləşdirən bu tədbirin əhəmiyyətini vurğulayıb və belə təşəbbüslərin Azərbaycan mədəniyyətinin Avropada tanıdılmasında mühüm rol oynadığını bildirib. O xatırladıb ki, beş il əvvəl azərbaycanlılar bir xalq kimi birləşərək öz torpaqlarını işğaldan azad edib, öz ölkəsinin tarixində yeni səhifə açıblar. “Qələbə keçmişə hörmət və gələcəyə inam rəmzidir, musiqi isə bu Zəfərin səsidir”, - deyə Cəmiyyətin sədri vurğulayıb.
Sonra çıxış edən Türkiyənin Danimarkadakı səfirliyinin birinci katibi Özgür Kafadar tədbirin əhəmiyyətini vurğulayıb.
Tədbirin proqramında pianoçu Aynur Məlikova, Azərbaycandan gəlmiş opera müğənnisi Aytac Şıxəlizadə və isveçli fleyta ifaçısı Katrin Yohanssonun ifasında xalqları birləşdirən sülh və dostluq körpüsünə çevrilmiş Azərbaycan və Skandinaviya əsərləri səsləndirilib.
Üzeyir Hacıbəylinin musiqisi ilə yanaşı, onun davamçıları - Arif Məlikov, Fikrət Əmirov, Niyazinin əsərləri də ifa olunub.