azturkxeber.az
http://azturkxeber.az

“Naxçıvan” biblioqrafiyasının təqdimatına həsr edilən tədbir keçirilib

11-10-2025

AMEA-nın Naxçıvan Bölməsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə nəşr etdiyi “Naxçıvan” biblioqrafiyasının təqdimatına həsr edilən tədbir keçirilib.

Tədbirdən öncə təqdimat iştirakçıları Bölmənin elmi fəaliyyətini əks etdirən zəngin kitab sərgisi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. “Naxçıvan” biblioqrafiyasını hərtərəfli təhlil edən akademik nəşrdə Prezident cənab İlham Əliyevin Sərəncamının, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Nuhçıxandan Naxçıvana” adlı çox əhatəli giriş sözünün və Ulu Öndər Heydər Əliyevin Naxçıvanla bağlı fikirlərinin yer almasını xüsusilə vurğulayıb. Kitabın həm elmi aparatura cəhətdən, həm də məna və məğzinin mükəmməl şəkildə işlənməsini yüksək qiymətləndirən akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikasının 100 illik tarixini əhatə edən belə bir biblioqrafiyanın hazırlanmasının böyük zəhmət tələb etdiyini diqqətə çatdırıb. Akademik həmçinin kitabın tarixçilər, elmi tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu qeyd edib. Nitqinin sonunda AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev prof.Kərim Tahirov başda olmaqla M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının bütün kollektivinə minnətdarlıq edib və 3-cildlik “Naxçıvan tarixi” kitablarını K.Tahirova təqdim edib.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxışında biblioqrafiyanın strukturu və məqsədləri barədə geniş məlumat verərək 1006 səhifədən ibarət olan və 10145 elmi mənbəni əhatə edən “Naxçıvan” biblioqrafiyasını yalnız bir regionun deyil, bütövlükdə Azərbaycanın elmi və mədəni yaddaşının bir hissəsi olduğunu diqqətə çatdırıb. K.Tahirov bu nəşrin gələcək nəsillərə miras qalacaq qiymətli mənbə olduğunu və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının son 20 ildə nəşr etdiyi 200-dən artıq fundamental biblioqrafiyalar içərisində “Naxçıvan” biblioqrafiyasının həmişə yüksəkdə dayanacağını qeyd edib. Direktor bu fundamental biblioqrafiyanın Naxçıvan Muxtar Respublikası haqqında xarici ölkələrdə və müxtəlif dilliərdə nəşr olunan kifayət qədər materialları da əhatə etdiyini və zəngin köməkçi aparata malik olduğunu vurğulayaraq bu amilin tədqiqatçılar üçün daha əhəmiyyətli olduğuna diqqət çəkib. Prof.Kərim Tahirov çıxışının sonunda tədbirin təşkilinə və yaradılan şəraitə görə AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevə təşəkkürünü bildirib.

Azərbaycanda Atatürk Araşdırma Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Naxçıvanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatının araşdırılıb sistemləşdirilməsi baxımından “Naxçıvan” biblioqrafiyasını yüksək qiymətləndirib. Kərim Tahirov və komandasının işinin təqdirəlayiq olduğunu vurğulayıb. O qeyd edib ki, Naxçıvan bölgəsi Azərbaycançılıq ideyasının formalaşması və yaşadılması baxımından strateji və simvolik əhəmiyyətə malikdir. Nizami Cəfərovun fikrincə, M.F.Axundov adına Milli Kitabxana həm Azərbaycanın görkəmli şəxsiyyətləri – Ulu Öndər Heydər Əliyevdən, klassiklərimiz Nizami, Nəsimi, Füzuli, Hüseyn Cavid, C.Məmmədquluzadə, M.F.Axundov və M.Ə.Sabirdən başlamış S.Vurğun, B.Vahabzadə, Üzeyir Hacıbəyli, Qara Qarayev, F.Əmirov və digər dahi şəxsiyyətlərimiz haqqında sanballı biblioqrafiyalar nəşr etmişdir ki, bu cür nəşrlər milli-mənəvi dəyərlərimizin təbliğində və qorunmasında mühüm rol oynayırlar.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev bu qiymətli biblioqrafiyada Ümummilli Lider Heydər Əliyevin Ali Məclisdə AMEA Naxçıvan Bölməsinin yaradılması ilə bağlı nitqinə diqqət çəkib. Professor biblioqrafiyanı çox yüksək qiymətləndirərək burada həm milli dilimizdə və həm də xarici dillərdə və habelə dünyanın zəngin kitabxanalarında mühafizə olunan Naxçıvan haqqında materialların əhatə olunmasının çox əhəmiyyətli olduğunu bildirib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək Kərim Tahirovun işinə göstərdiyi yüksək diqqətdən və başçılıq etdiyi kollektivin yaradıcı fəaliyyətindən danışaraq bu biblioqrafiyanın Naxçıvan ziyalılarına məxsus materialları kifayət qədər əhatə etməsinin əhəmiyyətini qeyd edib. Kitabın tarixi mənbələr əsasında sistemli şəkildə tərtib olunduğunu və gələcək tədqiqatlar üçün etibarlı istinad mənbəyi rolunu oynayacağını bildirən E.Mədətli Milli Kitabxananın kollektivi tərəfindən tərtib olunan belə biblioqrafiyaların bütün elmi ictimaiyyətimizin, xüsusilə tarixçi alimlərimiz üçün etibarlı mənbə olduğunu diqqətə çatdırıb.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev “Naxçıvan” biblioqrafiyasının böyük bir zəhmətin bəhrəsi hesab etdiyini qeyd edib. Kitabda əhatə olunan mövzuların genişliyi və təqdimat formasının peşəkarlığını yüksək qiymətləndirib.

Tarix elmləri doktoru, professor Xəzər Hüseynov biblioqrafiyanın əhəmiyyətinə diqqət çəkib. Bu nəşrin tədqiqatçılar üçün geniş imkanlar açdığını qeyd edib.

Onu da qeyd edək ki, tədbirdə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgiyə də baxış keçirilib.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Naxchivan-100/index.htm linkindən istifadə edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031