Pirallahıda Triatlon üzrə ölkə çempionatı keçirildi
Oktyabrın 11-i Pirallahıda yerləşən Nərəkənd parkında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının təşkilatçılğı ilə Triatlon üzrə ölkə çempionatı keçirildi.
Müxtəlif yaş qruplarından olan 100-dən çox idmançının iştirak etdiyi bu mötəbər yarış həm peşəkar, həm də yeniyetmə triatlonçular üçün əsl idman bayramına çevrildi. İştirakçılar Xəzər dənizinin sularında üzərək, Pirallahının unikal təbiəti fonunda bacarıqlarını nümayiş etdirdilər.
Yarışda uşaqlar super sprint məsafəsində güclərini sınadılar – 375 metr üzgüçülük, 8 km velosiped və 2 km qaçış. Böyüklər isə sprint məsafəsində mübarizə apardılar – 750 metr üzgüçülük, 20 km velosiped və 5 km qaçış.
Bu cür yarışların keçirilməsi ölkəmizdə triatlon idman növünün inkişafına, sağlam həyat tərzinin təbliğinə və yeni idmançıların yetişdirilməsinə böyük töhfə verir. Yarış yüksək səviyyədə təşkil olunmuş, təhlükəsizlik və qonaqların rahatlığı tam şəkildə təmin edilmişdi. Gün ərzində gərgin idman mübarizəsi yaşandı və qaliblər aşağıdakı kimi müəyyən olundu:
Kişilər:
1-ci yer – Rzazadə Əli
2-ci yer – Musayev Tamerlan
3-cü yer – Atakişiyev Tural
Qadınlar:
1-ci yer –Abduləzizova Leyla
2-ci yer – Klara Maresçova
Mükafatları Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin sektor müdiri Aslan Salahzadə, Azərbaycan Triatlon Federasiyasının Baş Katibi Seymur Hüseyinov, mətbuat katibi Sənubər İmanova, Triatlon üzrə milli komandanın baş məşqçisi Oleksandr Mordasov və “Trikids Baku” triatlon klubunun direktoru Nurəli Məmmədov təqdim edib. Qaliblərə yarışın baş sponsoru ALUFAR tərəfindən pul mükafatı verilib.