azturkxeber.az
http://azturkxeber.az

Səhiyyə Nazirliyinin psixoloqu: Misofoniya və hiperhidroz: səslərə həssaslıq və həddindən artıq tərləmə ilə necə mübarizə aparmalı?

27-11-2026

Bəzi insanlar gündəlik həyatda ətrafdakı səslərə qarşı həddindən artıq həssaslıq, digərləri isə normadan artıq tərləmə səbəbindən ciddi narahatlıq yaşayırlar. Bu hallar yalnız fiziki və ya emosional diskomfort yaratmaqla məhdudlaşmır, insanın sosial münasibətlərinə, gündəlik fəaliyyətinə və həyat keyfiyyətinə də təsir göstərə bilər.

Misofoniya və hiperhidrozun yaranma səbəbləri, müalicə imkanları və ağır hallarda tətbiq olunan cərrahi müdaxilələr barədə Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt, Rövşən Nəcəfovun fikirlərini təqdim edirik.

Misofoniya nədir və adi səs həssaslığından nə ilə fərqlənir?

Misofoniya müəyyən səslərə qarşı həddindən artıq emosional reaksiya ilə xarakterizə olunan vəziyyətdir. İnsan belə səsləri eşitdikdə güclü qıcıqlanma, qəzəb, narahatlıq və ya ikrah hissi keçirə bilər. Ən çox rast gəlinən səslərə çeynəmə, udqunma, nəfəsalma, dodaq səsləri və barmaqla masaya vurmaq daxildir.

Misofoniyanı adi səs həssaslığı ilə qarışdırmaq olmaz. Adi səs həssaslığında insan, əsasən, yüksək və gur səslərdən narahat olur. Misofoniyada isə səsin yüksəkliyi əsas rol oynamır. Hətta çox zəif səs belə insanda güclü emosional reaksiya yarada bilər. Məsələn, bir insan üçün otaqda başqasının çeynəmə səsi dözülməz ola bilər, lakin həmin insan yüksək musiqidən narahat olmaya bilər. Bu, misofoniyanın əsas xüsusiyyətlərindən biridir.

Bu problemin yaranmasının tibbi və psixoloji səbəbləri nələrdir?

Misofoniyanın beynin eşitmə və emosional reaksiyaların tənzimlənməsində iştirak edən sistemlərinin qarşılıqlı fəaliyyəti ilə əlaqəli olduğu ehtimal edilir. Bəzi insanlarda müəyyən səslər beynin emosional emal sistemində daha güclü reaksiya yaradır. Nəticədə adi səs qıcıqlandırıcı deyil, sanki təhlükə və ya narahatlıq mənbəyi kimi qəbul edilir.

Stress, uzunmüddətli yorğunluq, narahatlıq və əvvəlki mənfi təcrübələr bu reaksiyaları gücləndirə bilər. Bəzən konkret səs müəyyən insanla və ya xoşagəlməz hadisə ilə əlaqələndirilir. Sonradan həmin səsin eşidilməsi avtomatik emosional reaksiya yaradır. Misofoniya bəzi hallarda narahatlıq və obsesiv-kompulsiv əlamətlərlə də yanaşı müşahidə oluna bilər. Lakin bu, həmin pozuntuların mütləq misofoniyaya səbəb olduğu demək deyil.

Misofoniya ilə necə mübarizə aparmaq olar və bu zaman hansı psixoterapevtik və ya tibbi üsullardan istifadə edilir?

Misofoniyanın müalicəsində əsas məqsəd insanın müəyyən səslərə verdiyi emosional reaksiyanı idarə etməsinə kömək etməkdir. İlk növbədə, problemin səviyyəsi və gündəlik həyata təsiri qiymətləndirilməlidir.

Psixoterapevtik yanaşmalar arasında koqnitiv-davranış terapiyası xüsusi yer tutur. Bu terapiya insana səsə qarşı yaranan avtomatik düşüncələri və emosional reaksiyaları tanımağa kömək edir. Eyni zamanda, həmin reaksiyaların daha sağlam şəkildə idarə olunması üzərində işlənilir. Psixoterapiya zamanı nəfəs və relaksasiya texnikalarından, emosional tənzimləmə üsullarından da istifadə edilir.

Bəzi hallarda mərhələli səs ekspozisiyası tətbiq oluna bilər. Lakin bu üsul hər pasiyent üçün uyğun deyil və mütəxəssis nəzarəti tələb edir.

Tibbi baxımdan ilk növbədə eşitmə problemlərinin istisna edilməsi vacibdir. Bunun üçün audioloq və otorinolarinqoloqun müayinəsi tövsiyə oluna bilər. Əgər yanaşı psixoloji pozuntular varsa, psixiatrın qiymətləndirməsi də məqsədəuyğundur.

Hazırda misofoniyanı birbaşa müalicə edən, elmi cəhətdən təsdiqlənmiş xüsusi dərman preparatı yoxdur. Dərman müalicəsi yalnız yanaşı gedən problemlər olduqda həkim tərəfindən nəzərdən keçirilir.

Gündəlik həyatda fon səslərindən istifadə etmək, yuxu rejimini qorumaq, stressi azaltmaq və narahatlıq yaradan mühitlərdə qısa fasilələr vermək faydalı ola bilər. Bununla yanaşı, bütün səslərdən qaçmaq düzgün deyil. Çünki davamlı qaçınma davranışı insanın sosial həyatını daha da məhdudlaşdıra bilər.

Hiperhidrozun yaranma səbəbləri nələrdir və ona qarşı ilkin mərhələdə necə mübarizə aparmaq olar?

Hiperhidroz orqanizmin ehtiyacından artıq tərləməsi ilə xarakterizə olunur. Əsasən ovuclarda, ayaqaltında, qoltuqaltında və üzdə müşahidə edilir.

Birincili hiperhidroz, adətən, erkən yaşlarda başlayır və irsi meyilliliklə əlaqəli ola bilər. İkincili hiperhidroz isə hormonal dəyişikliklər, qalxanabənzər vəzinin xəstəlikləri, diabet və bəzi dərman preparatlarının təsiri ilə yarana bilər.

Stress, həyəcan, utanc və emosional gərginlik tərləməni gücləndirə bilər. Xüsusilə sosial mühitdə mənfi qiymətləndirilmə qorxusu insanın narahatlığını artırır. Tərləyəcəyini düşünən insan diqqətini ünsiyyətdən yayındıraraq öz fizioloji vəziyyətinə yönəldir. Bu isə narahatlıq və tərləmə arasında qarşılıqlı təsir yaradır.

İlkin mərhələdə tərləmənin səbəbinin müəyyənləşdirilməsi və uyğun müalicə üsulunun seçilməsi vacibdir. Antiperspirantlar, iontoforez və digər konservativ yanaşmalar tətbiq olunur. Bununla yanaşı, tərləməni artıran amillərin müəyyənləşdirilməsi və emosional gərginliyin idarə edilməsi də əhəmiyyətlidir.

Konservativ müalicə üsulları effekt vermədikdə, şiddətli əl tərləməsi zamanı tətbiq edilən endoskopik torakal simpatektomiya (ETS) və ayaq tərləməsi zamanı icra olunan endoskopik lumbar simpatektomiya (ELS) əməliyyatlarına nə zaman ehtiyac yaranır?

ETS ağır ovuc hiperhidrozunda, ELS isə ağır ayaqaltı hiperhidrozunda nəzərdən keçirilən cərrahi müdaxilələrdir. Bu əməliyyatlar digər müalicə üsulları nəticə vermədikdə və tərləmə insanın gündəlik həyatını ciddi şəkildə məhdudlaşdırdıqda müzakirə olunur. ELS-in tətbiqi ETS ilə müqayisədə daha məhduddur.

Məsələn, şiddətli əl tərləməsi yazı yazmağa, kompüterdən istifadə etməyə, sənədlərlə işləməyə və sosial ünsiyyətə mane ola bilər. Ayaqaltı tərləməsi isə gündəlik rahatlığa və sosial fəaliyyətlərə təsir göstərir.

Əməliyyat qərarında simptomların ağırlığı, əvvəlki müalicələrin nəticələri və mümkün fəsadlar nəzərə alınır. Psixoloji narahatlıq və sosial çətinliklər təkbaşına cərrahi müdaxilə üçün tibbi göstəriş hesab edilmir.

Bu cərrahi müdaxilələrə dəqiq tibbi göstərişlər, əməliyyatın gedişatı, mümkün risklər və bərpa dövrü necə olur?

ETS və ELS simpatik sinir sisteminə müdaxilə etməklə tərləməni azaltmağa yönəlmiş əməliyyatlardır. ETS döş qəfəsi, ELS isə bel nahiyəsindəki sinir strukturları ilə əlaqəli müdaxilədir. Əməliyyatın konkret gedişatı və fərdi tibbi göstərişlər müvafiq mütəxəssislər tərəfindən müəyyən edilir.

Əsas risklərdən biri kompensator hiperhidrozdur. Bu zaman ovuclarda və ya ayaqaltında tərləmə azalsa da, kürək, qarın, sinə və bud nahiyələrində arta bilər. ETS zamanı sinir zədələnməsi və Horner sindromu, ELS zamanı isə cinsi funksiyaya mümkün təsirlər də nəzərə alınmalıdır. Bərpa müddəti əməliyyatın növündən və fərdi xüsusiyyətlərdən asılıdır. Əməliyyatdan sonra tibbi müşahidə və nəticələrin qiymətləndirilməsi vacibdir.

Fiziki simptomların azalması insanın əvvəlki sosial qorxularının və davranış vərdişlərinin də dərhal aradan qalxması demək deyil. Uzun müddət hiperhidrozla yaşayan şəxslərdə əl sıxmaqdan çəkinmək, başqalarının reaksiyasından narahat olmaq və sosial mühitdən yayınmaq kimi davranışlar qala bilər.

Belə hallarda koqnitiv-davranış terapiyası mənfi düşüncələrin dəyişdirilməsinə, sosial narahatlığın azaldılmasına və özünəinamın bərpasına kömək edə bilər.

Hiperhidroz insanın şəxsiyyətini və sosial dəyərini müəyyən etmir. İnsanların fizioloji xüsusiyyətlərinə görə mühakimə olunması və sosial təzyiqlə üzləşməsi yolverilməzdir. Bu problemə münasibətdə düzgün maarifləndirmə və anlayışlı sosial mühit vacibdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30