azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Romada keçirilən beynəlxalq konfransda çıxış edib

26-11-2026

İtaliyanın paytaxtı Roma şəhərində Roma Mərkəzi Milli Kitabxanasının 150 illik yubileyinə həsr olunmuş “Gələcəyin qorunması: rəqəmsal texnologiyalar və süni intellekt dövründə mədəni irsin mühafizəsi və təbliği” mövzusunda beynəlxalq konfrans öz işini davam etdirir.

Azturkxeber.az xəbər verir ki, konfransın növbəti sessiyası milli kitabxanaların qabaqcıl təcrübələrinin təqdimatına, həyata keçirilən innovativ layihələrə və beynəlxalq kitabxana əməkdaşlığının yeni istiqamətlərinə həsr olunub.

Beynəlxalq konfransda Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov “Azərbaycan Milli Kitabxanası: milli irsin qorunmasından qlobal informasiya məkanına” mövzusunda məruzə və təqdimatla çıxış edib.

Çıxışdan əvvəl tədbir iştirakçılarına Azərbaycan Milli Kitabxanasının tarixi, zəngin fondları və müasir fəaliyyət istiqamətlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Professor Kərim Tahirov çıxışında müasir informasiya cəmiyyətində milli kitabxanaların mədəni irsin qorunması, rəqəmsallaşdırılması və qlobal informasiya məkanına inteqrasiyasındakı rolundan bəhs edib. Azərbaycan Milli Kitabxanasının bu istiqamətdə fəaliyyətini diqqətə çatdıran direktor Milli Kitabxananın elektron kataloqu üçün biblioqrafik yazıların hazırlanmasında süni intellekt texnologiyalarının tətbiqi və müxtəlif əlifbalarda nəşr olunmuş yazılı irsin optik simvol tanıma (OCR) texnologiyası vasitəsilə əlçatanlığının təmin olunması istiqamətində görülən işlərdən danışıb. Həmçinin süni intellektin tətbiqinə əsaslanan “Audiokitab” layihəsinin milli ədəbi irsin daha geniş auditoriyaya çatdırılmasındakı əhəmiyyətini vurğulayıb.

Direktor Azərbaycan Milli Kitabxanasının həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin vətənə qayıdışı” layihəsi çərçivəsində xarici ölkələrin kitabxana və muzeylərində qorunan Azərbaycan mütəfəkkirlərinə məxsus 560 əlyazmanın elektron nüsxəsinin əldə olunduğunu, onlardan 200-nün orijinala identik formatda nəşr edildiyini diqqətə çatdırıb. Professor Kərim Tahirov Milli Kitabxananın beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyətinə də toxunaraq 130-dan artıq ölkənin milli və universitet kitabxanaları ilə kitab mübadiləsinin aparıldığını, xarici ölkələrin milli kitabxanalarında Azərbaycan ədəbiyyatı bölmələrinin yaradıldığını və bu təşəbbüslərin milli-mənəvi irsimizin beynəlxalq səviyyədə tanıdılmasına, elmi və mədəni əlaqələrin genişləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib.

Konfransın həmin sessiyasında Fransa Milli Kitabxanasının prezidenti Gilles Pecout “Dünya kitabxanası: Fransa Milli Kitabxanasının tarixdə yeri və mədəni diplomatiyanın gələcəyi”, Almaniya Milli Kitabxanasının baş direktoru Frank Scholze isə “Kolleksiyalardan infrastruktura: rəqəmsal kolleksiyalar milli kitabxanaların rolunu necə dəyişir?” mövzularında məruzələrlə çıxış ediblər.

Beynəlxalq konfransın digər sessiyalarında Roma Mərkəzi Milli Kitabxanasının direktoru Stefano Campagnolo, Belçika Kral Kitabxanasının baş direktoru Sara Lammens, Çin Milli Kitabxanasının direktor müavini Huo Ruijuan, Britaniya Kitabxanasının nümayəndəsi Elizabeth White, Cənubi Koreyanın Dünya Yazı Sistemləri Milli Muzeyinin direktoru Kim Myoung In və İsgəndəriyyə Kitabxanasının direktoru Ahmed Zayed məruzələrlə çıxış ediblər.

Məruzələrdə rəqəmsal texnologiyaların kitabxana fəaliyyətində tətbiqi, mədəni irsin mühafizəsi, süni intellektin informasiya resurslarının idarə olunmasında yaratdığı imkanlar və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Konfransın sonuncu sessiyasında Vatikan Apostol Kitabxanasının prefekti Don Mauro Mantovani və Vatikan Apostol Kitabxanası və Arxivinin rəhbəri arxiyepiskop Giovanni Cesare Pagazzi, Şimali Makedoniyanın Bitola şəhərində yerləşən “Müqəddəs Kliment Ohridski” Milli Universitet Kitabxanasının direktoru Emilija Stefanovska-Davkova və İtaliya Mədəniyyət Nazirliyinin Rəqəmsallaşdırma və Kommunikasiya üzrə Baş Direktorluğunun rəhbəri Andrea De Pasquale məruzələrlə çıxış ediblər.

Konfrans çərçivəsində kitabxanaların müasir informasiya cəmiyyətindəki yeri və rolu, mədəni irsin rəqəmsal mühitdə mühafizəsi, innovativ kitabxana xidmətlərinin inkişafı və milli kitabxanaların beynəlxalq əməkdaşlıq imkanları geniş müzakirə olunub. Məruzələr ətrafında aparılan fikir və təcrübə mübadiləsindən sonra beynəlxalq konfrans öz işini yekunlaşdırıb.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Roma Mərkəzi Milli Kitabxanasının direktoru Stefano Campagnoloya Azərbaycanın zəngin tarixi və mədəni irsini əks etdirən “Tükənməz xəzinə” (“Boundless Treasure”) kitabını və Azərbaycanın xəritəsini hədiyyə edib. Öz növbəsində, Stefano Campagnolo professor Kərim Tahirova Roma Mərkəzi Milli Kitabxanasının 150 illik yubileyi münasibətilə xüsusi olaraq hazırlanmış, Kolizeyin qədim görünüşünü əks etdirən XVI əsrə aid qravüranın reproduksiyasını təqdim edib. Məhdud tirajla, cəmi 30 nüsxədə çap olunmuş reproduksiyanın 19-cu nüsxəsi Azərbaycan Milli Kitabxanasına hədiyyə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30