Şabran rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi təşkil olunub



Şabran rayonunda fermer və sahibkarların aqrar sahədə tətbiq olunan dövlət dəstəyi alətləri, maliyyələşmə imkanları və kənd təsərrüfatı fəaliyyətinin müxtəlif istiqamətləri üzrə mövcud xidmətlər barədə məlumatlandırılması məqsədilə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə təşkil olunub.
Bu barədə Azturkxeber.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, panel müzakirəsində Kənd Təsərrüfatı Nazirliyinin müvafiq struktur bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Dövlət Turizm Agentliyinin, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin, eləcə də “Unibank” ASC-nin nümayəndələri iştirak ediblər.
Şabran Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Hüseyn İlyasov aqrar sektorun rayonun iqtisadi həyatında tutduğu mövqeyə toxunaraq kənd təsərrüfatının inkişafı üçün mövcud imkanlardan səmərəli istifadənin vacibliyini qeyd edib. O, fermer təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi, torpaq və su ehtiyatlarından məqsədyönlü istifadə, istehsal prosesində müasir yanaşmaların tətbiqi və kənd təsərrüfatı istehsalçılarının dövlət dəstəyi mexanizmlərindən faydalanmasının əhəmiyyətini vurğulayıb.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında regionlarda keçirilən bu formatlı görüşlərin əsas məqsədinin fermer və sahibkarlarla birbaşa ünsiyyət qurmaq, onların dövlət dəstəyi imkanları barədə məlumatlılığını artırmaq və mövcud xidmətlərə çıxışını asanlaşdırmaq olduğunu diqqətə çatdırıb.
Görüşün əsas müzakirə istiqamətlərindən biri “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üzrə Dövlət Proqramı”nın istiqamətləri, bitkiçilik və heyvandarlıq sahələrində istehsalçıların qarşılaşdıqları məsələlər, təsərrüfatların fəaliyyətinin təşkili və müvafiq sahələr üzrə dövlət tərəfindən təqdim olunan dəstək imkanları olub.
Tədbirdə fermer və sahibkarların müraciətləri, onların təklifləri dinlənilib, sualları aidiyyəti üzrə cavablandırılıb.
Müzakirələrdə suvarma və meliorasiya xidmətlərinin aqrar istehsalda rolu, su ehtiyatlarından səmərəli istifadə, təsərrüfatların təbii risklərdən qorunması və aqrar sığortanın tətbiqi məsələlərinə də yer ayrılıb. Bununla yanaşı, fermer və sahibkarların maliyyə resurslarına çıxışı, aqrar kreditləşmə imkanları, kənd yerlərində məşğulluğun təşviqi və kənd turizminin inkişafı ilə bağlı mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə iştirak edən qurumların nümayəndələri təmsil etdikləri təşkilatların fəaliyyət istiqamətləri, kənd təsərrüfatı istehsalçılarına göstərilən xidmətlər, mövcud güzəştlər və müraciət imkanları barədə məlumat veriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: