Milli Məclisin plenar iclasında



Noyabrın 27-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.
Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, iclasın əvvəlində Milli Məclisin sədri Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri barədə məlumat verib. Bildirilib ki, səfərin məqsədi İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda iştirak etmək olub.
Milli Məclisin sədri qeyd edib ki, noyabrın 25-də parlament sədrlərinin iştirakı ilə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumun açılış mərasimi keçirilib. Tədbir “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü” mövzusuna həsr edilib.
Çıxışında Birinci forumun keçirildiyi vaxtdan ötən dövr ərzində ölkələrimiz arasında qardaşlıq əlaqələrinin daha da inkişaf etdiyini bildirən parlamentin spikeri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin qarşılıqlı səfərlərinin baş tutduğunu, habelə Ali Dövlətlərarası Şuranın ikinci və üçüncü iclaslarının keçirildiyini deyib. Bu ilin avqustunda Daşkənddə imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” bu ay Milli Məclis tərəfindən də təsdiqləndiyi vurğulanıb. Qeyd olunub ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq genişləndikcə bu əməkdaşlığın hüquqi bazasının təkmilləşdirilməsində parlamentlərimizin rolu da artır.
Milli Məclisin sədri xatırladıb ki, Azərbaycan və Özbəkistan parlamentlərinin Birinci forumu ötən ilin iyulunda Xivə şəhərində keçirilib. Həmin tədbirdə birgə əməkdaşlığın prioritetləri müəyyən olunub. Xivə Bəyannaməsi qəbul olunub, 2025–2026-cı illər üçün “Yol xəritəsi” və Parlamentlərarası əməkdaşlıq komissiyasının reqlamenti imzalanıb.
Diqqətə çatdırılıb ki, bu dəfə dövlət rəhbərləri səviyyəsində imzalanmış razılaşmaların qanunvericilik təminatı məsələsinə xüsusi diqqət yetirilib. Panel müzakirələrinin gedişində deputatlar ticarət və investisiya qoyuluşu, energetika, rəqəmsal inkişaf, habelə təhsil, mədəniyyət və gənclər siyasəti sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Forumun yekunları ilə bağlı Bakı Bəyannaməsi qəbul edilib. Parlament sədrləri 2027–2028-ci illər üçün yeni “Yol xəritəsi”ni imzalayıblar.
Parlamentin spikeri deyib ki, Forum başa çatdıqdan sonra Azərbaycan və Özbəkistan parlamentləri sədrlərinin iştirakı ilə Parlamentlərarası əməkdaşlıq komissiyasının birinci iclası keçirilib. Parlament sədrlərinin və deputatların çıxışlarında parlamentlərarası əlaqələrin vəziyyəti, inkişaf perspektivləri barədə fikirlər səsləndirilib.
Forumun nəticələri ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. İclasda komissiyanın məqsəd və vəzifələri, parlamentlərin profil komitələri arasında birbaşa əlaqələrin genişləndirilməsi imkanları və digər məsələlər də müzakirə olunub.
Spiker Sahibə Qafarova əminliklə bildirib ki, Bakı Forumunun yekunları parlamentlərarası əməkdaşlığın daha sistemli xarakter almasını təmin edəcək, Azərbaycanla Özbəkistanın qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişafına töhfə verəcək. O əlavə edib ki, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu həm məzmun, həm də forma baxımından yüksək səviyyəli tədbir olub.
Milli Məclisin deputatları, o cümlədən Parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri, Milli Məclis sədrinin müavini Musa Qasımlı, komitə sədrləri Əli Hüseynli, Azər Əmiraslanov, Səməd Seyidov və digər həmkarlarımız Forumun panel sessiyalarında və komissiyanın iclasında həm moderatorluq edib, həm də maraqlı çıxışlar ediblər.
Sonra Milli Məclisin iclasında cari məsələlərin müzakirəsi aparılıb. Deputatlar Tural Gəncəliyev, Bəhruz Məhərrəmov, Elman Nəsirov, Məlahət İbrahimqızı, Hikmət Məmmədov, Zaur Şükürov, Aydın Mirzəzadə, Jalə Əliyeva, Razi Nurullayev, Nizami Səfərov çıxış edərək gündəmdə olan bəzi məsələlər barədə fikirlərini bölüşüblər.
Deputatlar qlobal qarşıdurmalar fonunda Cənubi Qafqazda formalaşan sülh mühiti, Azərbaycanın bu prosesdəki aparıcı rolu və regiondakı müsbət inkişafdan danışıblar. Bildirilib ki, dünyadakı gərginliklərə baxmayaraq, Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin siyasəti nəticəsində Cənubi Qafqaz qarşıdurma zonasından əməkdaşlıq məkanına çevrilib. Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm addımlar atılır. Habelə vurğulanıb ki, Vaşinqtonda sülh müqaviləsi layihəsinin paraflanması, Ermənistana məhsul tranziti üzrə məhdudiyyətlərin aradan qaldırılması və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri Azərbaycanın sülhə sadiqliyini təsdiqləyir.
Bununla yanaşı Ermənistanın yeni konstitusiya layihəsindən Azərbaycana qarşı ərazi iddialarının çıxarılması sülh müqaviləsinin imzalanması üçün vacib addım kimi dəyərləndirilib. İkinci Qarabağ müharibəsində əldə olunan Zəfər nəticəsində regionda yeni reallıqların formalaşdırıldığı, dövlətimiz tərəfindən atılan ardıcıl addımların yeni təhlükəsizlik arxitekturasının yaranmasına xidmət etdiyi qeyd olunub.
Çıxışlarda Bakıda keçirilmiş İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu və Parlamentlərarası Əməkdaşlıq Komissiyasının ilk iclası ölkələrarası strateji müttəfiqlik münasibətlərinin parlament müstəvisində mühüm siyasi nəticəsi kimi qiymətləndirilib. İkitərəfli əlaqələrin yüksək inkişaf mərhələsinə çatmasında Azərbaycan və Özbəkistan dövlət başçılarının siyasi iradəsi, eləcə də parlamentlər arasında qurulmuş səmərəli əməkdaşlıq xüsusi vurğulanıb.
Millət vəkilləri habelə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyası (AIPA) çərçivəsində ölkəmizin artan beynəlxalq nüfuzu, həyata keçirilən uğurlu parlament diplomatiyası barədə söhbət açıblar. Müzakirələrdə bir sıra digər aktual məsələlərə də toxunulub.
Sonra Milli Məclisin sədri iclasda 10 məsələnin müzakirə ediləcəyini bildirib. O, gündəliyin birinci məsələsinin beynəlxalq sazişlə bağlı olduğunu və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini bildirib.
Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Azərbaycan Respublikasının Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “ExxonMobil Exploration & Production Azerbaijan Limited” şirkəti və “Middle Kura” MMC arasında Saziş”in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsinə dair məlumat verib.
Nəzərə çatdırılıb ki, Saziş 26 sentyabr 2026-cı ildə Bakı şəhərində keçirilmiş II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanıb. Qeyd edilib ki, Azərbaycanda qeyri-ənənəvi karbohidrogen ehtiyatlarının kəşfiyyatı üzrə ilk layihə olan bu təşəbbüs ExxonMobil-in qabaqcıl texnologiya və təcrübəsi əsasında ölkənin resurs bazasının genişləndirilməsi və hasilatın artırılması üçün yeni imkanlar yaradır. Layihənin icrasının texnologiya və biliklərin yerli mütəxəssislərə ötürülməsinə, yeni iş yerlərinin yaradılmasına, yerli biznesin və infrastrukturun inkişafına, bütövlükdə regionların sosial-iqtisadi tərəqqisinə töhfə verəcəyi söylənilib.
Bildirilib ki, Saziş Orta Kür Kontrakt Sahəsində Qeyri-ənənəvi Ehtiyatların kəşfiyyatı və işlənməsi üçün hüquqi və kommersiya şərtlərini müəyyən edir. Sazişə əsasən ətraf mühitin mühafizəsi qeyd olunan şərtlər nəzərə alınmaqla qanunvericiliyə, beynəlxalq neft-qaz sənayesində qəbul edilmiş müsbət təcrübəyə və müəyyən edilmiş ekoloji standartlara uyğun təmin edilir.
Sənəd barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil etdiyi komitənin müsbət rəy verdiyini diqqətə çatdırıb.
Müzakirələrdə deputat Razi Nurullayev bəzi qeydlərini açıqlayıb. Komitə sədri Sadiq Qurbanov qaldırılan məsələlərə aydınlıq gətirib.
Sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin spikeri növbəti məsələnin Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi olduğunu deyib. O, layihədə təklif olunan dəyişikliklərin uyğunlaşdırma xarakteri daşıdığını və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini söyləyib.
İclasda parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu qanun layihəsini təqdim edib.
Bildirilib ki, layihə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna edilmiş dəyişikliklərlə bağlıdır. Həmin dəyişikliklərə əsasən istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlərin, könüllü fəaliyyətin iştirakçısı olan könüllülərin müəyyən edilmiş qaydada icbari sığorta olunması nəzərdə tutulur. Eyni zamanda Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyə mənbələri siyahısına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələri də daxil edilir. Bunu nəzərə alaraq Əmək Məcəlləsinin 208-ci və 221-ci maddələrinə uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklər təklif olunur.
Deputatlar Bəhruz Məhərrəmov və Ceyhun Məmmədov məsələ barədə fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra iclasda Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə üçüncü oxunuşda baxılıb.
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa məsələ barədə danışaraq layihənin birinci və ikinci oxunuşlarda müzakirəsi zamanı ətraflı məlumat verildiyini qeyd edib. O, habelə sənədlə bağlı komitə iclasında üçüncü oxunuşda aparılan müzakirələrdə səsləndirilən fikirlərə aydınlıq gətirib.
Qanun layihəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dair bir sıra məsələlərin tənzimlənməsi, o cümlədən ictimai birliklərin və fondların növlərinin dəqiq müəyyən edilməsi məqsədilə dəyişikliklər təklif olunur.
Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələyə dair bu komitənin rəyini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Spiker Sahibə Qafarova gündəliyin növbəti 3 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu deyib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb.
O bildirib ki, sənəddə nəzərdə tutulan dəyişiklikdə aqronomların, bağçılıq üzrə mütəxəssislərin və baytar həkimlərin iş icazəsi alınması tələbindən azad edilməsi təklif olunur.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsindən (ikinci oxunuş) bəhs edib.
Diqqətə çatdırılıb ki, qanun layihəsi ilə İnzibati Xətalar Məcəlləsində hərbi xidmət əleyhinə olan inzibati xətalarla bağlı bir sıra dəyişikliklər edilməsi təklif olunur. Qeyd edilib ki, dəyişikliklər bu sahədə inzibati icraatın təkmilləşdirilməsinə, hərbi prokurorun nəzarət səlahiyyətlərinin genişləndirilməsinə və tətbiq olunan tənbeh tədbirlərinin diferensiallaşdırılmasına yönəlib.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Əmiraslanov “Elektron ticarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Dəyişikliklərlə bağlı məlumatda komitə sədri vurğulayıb ki, sənəd elektron ticarət sahəsində qanunvericiliyin müasir ödəniş texnologiyalarına əsasən təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib
Spiker bildirib ki, gündəliyin qalan dörd məsələsi birinci oxunuşda olan qanun layihələridir. O, yeddinci məsələ olan Mülki Məcəllədə, Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat vermək üçün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanova söz verib.
Komitə sədri bildirib ki, qanun layihəsi hüquqi şəxsin ləğv zamanı müvafiq elektron informasiya sistemində işəgötürənlə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin tənzimlənməsi məqsədilə hazırlanıb. Belə ki, hüquqi şəxs ləğv edildiyi üçün həmin hüquqi şəxsin adından elektron informasiya sistemində əməliyyatların aparılması mümkün olmur. Eyni hal fiziki şəxs olan işəgötürən vergi uçotundan çıxarıldığı hallarda da baş verir. Beləliklə, təklif olunan tənzimləməyə əsasən, hüquqi şəxslərin ləğvi və vergi uçotundan çıxarılması yalnız onların işçiləri ilə əmək müqaviləsinə xitam verildikdə mümkün hesab ediləcək.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələ ilə bağlı təmsil etdiyi komitənin müsbət rəyini diqqətə çatdırandan sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Mülki Məcəllədə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov məlumat verib.
O qeyd edib ki, layihə "Torpaq islahatı haqqında" Qanuna uyğun olaraq vətəndaşlara verilmiş, lakin onların mülkiyyət hüququnun rəsmiləşdirilmədiyi həyətyanı torpaq sahələri ilə bağlı məsələnin tənzimlənməsini nəzərdə tutur.
Qanun layihəsinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edildiyi 2015-ci il fevralın 6-dək olan dövrdə "Torpaq islahatı haqqında" Qanuna uyğun olaraq vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib edilmiş plan-ölçü sənədi həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas kimi müəyyən edilir. Bununla da, eyni hüquqi əsaslarla torpaq sahələri əldə etmiş, lakin müxtəlif sənədlərlə təmin olunmuş vətəndaşlar arasında hüquqi vəziyyətin eyniləşdirilməsi və mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün hüquqi əsasın yaradılması təmin edilir.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə ilə bağlı komitəsinin müsbət rəyini açıqlayıb.
Sənədin müzakirəsində parlamentin komitə sədri Zahid Oruc, deputatlar Müşfiq Məmmədli, Bəxtiyar Əliyev və Aydın Hüseynov çıxış ediblər, dəyişikliklər barədə fikirlərini bildiriblər.
Sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Badamov növbəti məsələ olan “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Texniki tənzimləmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatında isə bildirib ki, dəyişikliklər texniki reqlamentlərə dair tələblərin təkmilləşdirilməsi və malların təhlükəsizliyinin qiymətləndirilməsi qaydalarının daha dəqiq müəyyənləşdirlməsi məqsədi daşıyır.
Layihəyə əsasən, malların insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yarada biləcəyi risklər elmi və texniki məlumatlar əsasında qiymətləndiriləcək, təhlükəsizlik tələbləri isə həmin qiymətləndirmənin nəticələrinə uyğun müəyyənləşdiriləcəkdir. Eyni zamanda, mallara uyğunluq sertifikatının və ya uyğunluq bəyannaməsinin tələb olunması da onların təhlükəlilik dərəcəsi nəzərə alınmaqla texniki reqlamentlərdə müəyyən ediləcək.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Gündəliyin sonuncu məsələsi olan “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) də komitə sədrinin müavini Azər Badamov təqdim edib. O bildirib ki, layihə məhkəməyə müraciət edən şəxslərin dövlət rüsumu ilə bağlı xərclərinin azaldılmasını və məhkəmə işlərinə operativ baxılmasını nəzərdə tutur. Dəyişikliklərdə məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumunun məbləğinin 100 manatdan azaldılaraq 25 manat müəyyən edilməsini, eləcə də qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsinə görə müəyyən edilən dövlət rüsumunun həddinin iddianın yalnız mübahisələndirilən hissəsi ilə məhdudlaşdırılmasını təklif edir.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Bununla da Milli Məclisin plenar iclası başa çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: