26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır



Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 27 noyabr – 11 dekabr tarixlərində 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası keçirilir.
Azturkxeber.az xəbər verir ki, Nəsimi rayonunda, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin 5-ci girişində təşkil olunan yarmarkada ölkənin 52 regionundan 270 arıçı fermer iştirak edir.
İştirakçılar növbəlilik prinsipi əsasında, ilk qeydiyyatdan keçən arıçılar arasından seçilib. Əsas tələblər təsərrüfatın 2026-cı il sentyabrın 1-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsi və ən azı 40 arı ailəsinin olması olub.
Satış yerləri hər rayondan olan arıçıların sayına uyğun olaraq proporsional qaydada bölüşdürülüb. Ümumilikdə yarmarkada 100 tondan çox bal və 18 növ arıçılıq məhsulunun satışa çıxarılması nəzərdə tutulur.
İstehlakçıların keyfiyyətli və təhlükəsiz məhsullarla təmin olunması üçün məhsulların keyfiyyətinə xüsusi nəzarət edilir. Satışa çıxarılacaq bütün məhsullardan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nümunələr götürülərək laborator müayinələr aparılıb. Keyfiyyət və qida təhlükəsizliyi tələblərinə cavab verməyən məhsulların satışına icazə verilməyib.
Yarmarkada iştirak arıçılar üçün ödənişsizdir. Hər iştirakçı ən çoxu 450 kq bal (qablaşdırma daxil olmaqla) və 30 ədəd arı şanı satışa çıxara bilər. Arıçılar satış yerləri, lazımi ləvazimatlar, marketinq və digər xidmətlərlə təmin olunub.
"Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Elgün Məmmədəlizadə jurnalistlərə açıqlamasında bildirib ki, bal yarmarkalarında işğaldan azad edilmiş ərazilərdən olan fermerlərin iştirakı artıq ənənəyə çevrilib: "İşğaldan azad edilmiş ərazilərdən olan 15-ə yaxın arıçı fermer keçən il yarmarkada iştirak edərək, məhsullarını satışa çıxarıb. Bu il isə bu say daha da artıb. Təkcə Şərqi Zəngəzur iqtisadi rayonundan 17, ümumilikdə isə işğaldan azad olunmuş ərazilərdən 26 fermerin 10 tona yaxın məhsulu satışa təqdim edilib".
Qeyd edək ki, yarmarka 11 dekabradək hər gün saat 09:00-dan 20:00-dək fəaliyyət göstərəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: