Yeni tədqiqat beynin nitq istehsalındakı geniş şəbəkə modelini ortaya qoyur
Danışmağın insan beyni tərəfindən necə təşkil olunduğuna dair uzun müddətdir qəbul edilən elmi anlayışa UC San Franciscodan aparılan yeni bir tədqiqat ciddi şəkildə yenidən baxmağa əsas yaradır. Araşdırmanın nəticələri göstərir ki, nitq istehsalı yalnız Broca bölgəsi ilə məhdudlaşmır; əksinə, daha geniş neyron şəbəkənin və xüsusilə də orta presentral girus (mPrCG) adlanan bölgənin iştirakını tələb edir.
Nitq insanın ən mürəkkəb motor funksiyalarından biri, fikirlərin nitq səslərinə çevrilməsi və onların tələffüz edilməsində dəqiq və ardıcıl əzələ hərəkətləri tələb edir. Uzun illər bu mürəkkəb prosesin Broca bölgəsində həyata keçirildiyi güman olunurdu. Lakin UC San Francisco Neyrocərrahiyyə kafedrasının müdiri, professor Edvard Çanqın rəhbərliyi ilə aparılan son tədqiqat nitqin təşkili və səsləndirilməsi funksiyalarında mPrCG bölgəsinin mərkəzi rol oynadığını üzə çıxarıb.
Yeni tapıntılar “Nature Human Behaviour” jurnalında dərc olunub və mPrCG bölgəsinin yalnız qırtlaq hərəkətlərini deyil, həm də kompleks nitq səslərinin birləşdirilməsini və tələffüz üçün zəruri olan motor planlamasını həyata keçirdiyini göstərir. Professor E.Çanq bildirir: “Beynin bu hissəsinin daha əhəmiyyətli və kompleks bir rola sahib olduğu ortaya çıxdı. O, sözləri yaratmaq üçün səsləri birləşdirir, bu isə danışmaq üçün vacibdir”.
Araşdırmanın ideyası, E.Çanqın mPrCG bölgəsindən şiş çıxarılan bir xəstədə nitq apraksiyası, yəni sözlərin nə deyilmək istəndiyini başa düşmək, lakin onları səsləndirməkdə çətinlik çəkmə halını müşahidə etməsindən sonra inkişaf edib. Eyni cərrahi müdaxilə Broca bölgəsində aparıldıqda oxşar nəticə müşahidə edilməyib. E.Çanq, aspirantı Jessie Liu və postdoktorant Lingyun Zhao epilepsiya əməliyyatı üçün beyinlərinə elektrodlar yerləşdirilmiş 14 könüllü ilə işləyiblər. Elektrodlar sayəsində tədqiqatçılar iştirakçıların sözləri ucadan deməzdən əvvəl beyin siqnallarını qeydə alıblar. İştirakçılara fərqli mürəkkəblik səviyyəsində heca və söz ardıcıllıqları təqdim edilib. Məlum olub ki, mürəkkəb ardıcıllıqlar zamanı mPrCG-də aktivlik əhəmiyyətli dərəcədə artır. Üstəlik, bu bölgədəki aktivliyin səviyyəsi, iştirakçının sözləri nə qədər tez səsləndirəcəyini proqnozlaşdırmağa imkan verib. Bu, mPrCG bölgəsinin təkcə səslərin fiziki tələffüzü deyil, həm də əvvəlcədən planlaşdırılması və koordinasiyasında aktiv iştirak etdiyini göstərir. “Bu, bizə deyir ki, mPrCG Broca ərazisindən kənarda olsa da, necə danışdığımızı təşkil etmək üçün çox vacibdir”, – deyə J.Liu qeyd edir.
Tədqiqatın davamında beş iştirakçının mPrCG bölgəsi elektrodlar vasitəsilə stimullaşdırılıb. Sadə ardıcıllıqlar zamanı iştirakçılar nitqdə problem yaşamayıb, lakin daha mürəkkəb ardıcıllıqlar zamanı stimullaşdırma nitq apraksiyasına bənzər səhvlərə səbəb olub. Bu, mPrCG-nin nitq səslərinin düzgün koordinasiyasında körpü funksiyası daşıdığını və fikrin motor hərəkətə çevrilməsində həlledici rol oynadığını təsdiqləyir. Yeni tapıntılar təkcə nitq pozğunluqlarının başa düşülməsi üçün yeni yollar aça bilməz, həm də iflic olmuş insanların yenidən ünsiyyət qura bilməsi üçün texnologiyaların inkişafına təkan verə bilər. Bundan əlavə, beyin əməliyyatları zamanı nitq qabiliyyətinin qorunması üçün daha dəqiq neyroanatomik xəritələşdirmə imkanları təqdim edir. “Bu, bizi yeni bir tədqiqat istiqamətinə yönəldir. mPrCG-nin bu funksiyanı necə yerinə yetirdiyini öyrənmək bizi danışma prosesinə dair daha dərindən və aydın bir anlayışa aparacaq”, – deyə J.Liu bildirir.