Şimal-qərb bölgəsi üzrə təhsil müəssisələrindəki vakant vəzifələrə 610 namizəd imtahan verib
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində hazırda vakant olan laborant, kitabxana müdiri, kitabxanaçı, katibə-makinaçı, çağırışaqədər hazırlıq rəhbəri, təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi rəhbəri, psixoloq və mühasib vəzifələrinə işə qəbul müsabiqəsi üzrə test imtahanı keçirilib.
Regional Təhsil İdarəsindən bildirilib ki, Şəki şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olunan test imtahanında 610 nəfər iştirak edib. İmtahanda namizədlərə 50 test tapşırığının cavablandırılması üçün 90 dəqiqə vaxt verilib.
Qeyd edək ki, hər bir vəzifə kateqoriyasında ən yüksək bal toplayan namizədlər mövcud vakansiyalar üzrə işə qəbul olunacaqlar.