azturkxeber.az
http://azturkxeber.az

AMEA-nın “Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə növbəti müşavirə keçirilib

12-02-2025

AMEA-nın “Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə növbəti müşavirə keçirilib


AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə növbəti müşavirə keçirib.

Bu barədə AMEA-dan məlumat verilib.

Tədbirdə dövlət başçısının “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 2025-ci il 16 yanvar tarixli Fərmanından irəli gələrək AMEA-nın qarşısında duran vəzifələr müzakirə olunub. Akademik İsa Həbibbəyli sözügedən Fərmanın Azərbaycan Milli Elmlər Akademiyası qarşısında da vəzifələr qoyduğunu, sənədin “Dövlət qurumlarının informasiya təhlükəsizliyinə aid əsas parametrlər siyahısının və məqbul hədlərin müəyyən edilməsi, informasiya təhlükəsizliyi mühitinin diaqnostikası” ilə bağlı 1.1.2. bəndinin icraçıları sırasında AMEA-nın da yer aldığını söyləyib. O qeyd edib ki, dövlət başçısının tapşırığının icrasını təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyətinin yanvarın 10-da keçirilən iclasında qərar qəbul olunub, akademiyanın elmi müəssisə və təşkilatlarına təkliflərini hazırlaması tapşırılıb.

Akademik İsa Həbibbəyli bu məsələnin AMEA-da elektron xidmətlərin təşkilinə və keyfiyyətinin yüksəldilməsinə məsul olan “Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müzakirə edilməsinin zəruri olduğunu bildirib və müşavirənin bu məqsədlə keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, “Elektron Akademiya” şöbəsi tərəfindən qısa müddət ərzində AMEA-da elektron xidmətlərin müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində mühüm addımlar atılaraq bir çox uğurlar əldə olunub və sözügedən Fərmanın Akademiya qarşısında qoyduğu tapşırığın icrasında şöbənin üzərinə böyük məsuliyyət düşür.

Akademik İsa Həbibbəyli “Elektron Akademiya” şöbəsinin əməkdaşlarına dövlət başçısının “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə yaxından tanış olaraq öz təkliflərini hazırlaması ilə bağlı tapşırıqlarını verib. Həmçinin cari ildə AMEA-da işıq üzü görən nəşrlərin “AMEA Dərgi Parkı”na daxil edilməsi və DOI identifikatorunun verilməsi ilə bağlı tapşırıqlarını çatdırıb.

Daha sonra AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov təqdimatla çıxış edib, rəhbərlik etdiyi şöbənin qarşıya qoyulmuş tapşırıqların öhdəsindən inamla gələcəyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728