Bakıda sahibsiz heyvanlar probleminə həsr olunmuş tədbir keçirilib
Sahibsiz heyvanlar probleminə həsr olunmuş “Küçədən əhvalatlar” adlı tədbir “Arts Council Azerbaijan” təşkilatçılığı ilə “Ambassadors Cultural Club”da keçirilib. İdeyanın müəllifi Sürəyya Məmmədlidir.
Tədbirdə iştirak edən rəssamlar əsərlərində sahibsiz heyvanlarla bağlı əhvalatları, onların sağ qalmaq uğrunda mübarizəsini, həmçinin bu çətin problemin mümkün həlli yollarını əks etdiriblər.
“Küçədən əhvalatlar” tədbirinin keçirilməsinin əsas hədəfi sahibsiz heyvanlar problemləri ilə bağlı cəmiyyəti maarifləndirməkdir. Tədbirdə rəssamlar Nigar Əliyeva, Elçən Rzazadə, Leyla Ağazadə, Ləman Hacıyeva, Oksana Kazımova, Ülviyyə Xeyrulla-zadə, Ruslan Rüstəmov, Hüseyn Kəngərli, Banuçiçək Əhmədzadə, Sevinc Gəncəliyeva, Leyli Museyibova, Rəşadə Əliyeva, Məryəm Qibləyeva, Nailə Aslanova, Vüsalə Şərifova və Nərgiz Quliyeva iştirak ediblər.
Tədbir zamanı iştirakçılar mövzu üzərində fəal müzakirələr aparıb, fikirlərini və şəxsi hekayələrini bölüşüb və problemə qarşı münasibətlərini ifadə etmək üçün yeni bədii yollar axtarıblar.
“Arts Council Azerbaijan” incəsənət vasitəsilə sosial məsuliyyətin artırılması istiqamətində təşəbbüsləri dəstəkləməyə davam edir.