azturkxeber.az
http://azturkxeber.az

“Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayır

15-02-2025

®  “Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayır

“Azercell”in təşəbbüsü ilə yaradılan və fəaliyyət göstərən xidmət 1500-dən çox qadına dəstək olub

“Qadın Dəstək Xətti” (QDX) 2024-cü il üzrə fəaliyyətinin nəticələrini açıqlayıb. İl ərzində xidmətə ümumilikdə 1623 müraciət daxil olub. QDX çətin həyat şəraitində olan qadınların müraciətlərinə operativ şəkildə reaksiya verərək ilkin psixoloji yardım göstərib, ehtiyac olduqda qadınlarla fərdi görüşlər təşkil edib və ya sorğunun müvafiq qurumlara yönləndirilməsini təmin edib.

QDX-nin əsas məqsədi yardıma ehtiyacı olan qadınlara psixoloji, hüquqi, sosial və emosional dəstək göstərmək, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına yardım etməkdir. Xidmətə müraciət edən qadınların məlumatlarının məxfiliyi tam qorunur. Sorğu yalnız qadınların razılığı əsasında dövlət qurumları, yerli strukturlar və sosial xidmət müəssisələrinə ötürülə bilər. Xidmət icma əsaslı hüquq klinikaları, reabilitasiya mərkəzləri, sığınacaqlar və hüquqi məsləhət verən qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir. “Qadın Dəstək Xətti”, həmçinin zorakılıq qurbanı olan qadınlar və onların övladlarına həm qısamüddətli, həm də uzunmüddətli dəstək göstərir.

Hesabat ilində daxil olan müraciətlərin təsnifatına əsasən zənglərin əksəriyyəti hüquqların qorunması (495), boşanma prosesi ilə bağlı çətinliklər (472) və məişət zorakılığı halları (304) ilə bağlı olub. Zənglərin digər hissəsi sosial-maddi rifah (267), sığınacaqla təmin olunma (43), səhiyyə hüququnun təmin edilməsi (42) mövzularını əhatə edib.

Xatırladaq ki, “Qadın Dəstək Xətti” 2022-ci ildə “Azercell”in təşəbbüsü ilə yaradılıb. Xidmət lider mobil operator, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin dəstəyi ilə fəaliyyət göstərir. Xidmətin əlçatanlığını artırmaq məqsədilə “Qadın Dəstək Xətti”nin peşəkar işçi heyəti 24 saat fəaliyyət göstərən 116111 qısa nömrəsi, feysbuk, instaqram və tiktok səhifələri vasitəsilə xidmət göstərir.

“Azercell Telekom” MMC fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi “Azercell” səhifəsinə daxil olun.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728