AQTİ-nin İdarə Heyətinin sədri: Ölkəmizdə heyvan xəstəliklərinə qarşı aparılan irimiqyaslı tədbirlər öz bəhrəsini verir
Heyvanlar və yemlər üçün dərman vasitələrinin keyfiyyəti və standartlaşdırılması Ümumrusiya Dövlət Mərkəzinin (FGBU VGNKİ) direktor müavini Aleksey Tretyakov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub. O, AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyevlə görüşüb.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş zamanı Heyvanlar və yemlər üçün dərman vasitələrinin keyfiyyəti və standartlaşdırılması Ümumrusiya Dövlət Mərkəzinin gördüyü işlərlə bağlı geniş təqdimat olub. Qeyd edilib ki, FGBU VGNKİ Rusiya ərazisində heyvanlar üçün yem, baytarlıq və sanitariya məhsullarının təhlükəsizliyini təmin etməklə, heyvan sağlamlığının qorunmasında dövlət siyasətini həyata keçirir.
AQTİ-nin İdarə Heyətinin sədri Azərbaycanda heyvan sağlamlığı sahəsində görülən işlərdən danışaraq bildirib ki, ölkəmizdə heyvan xəstəlikləri ilə mübarizə istiqamətində həyata keçirilən irimiqyaslı tədbirlər öz bəhrəsini verir. Bu baxımdan hər iki qurum arasında faydalı əməkdaşlıq imkanlarının olduğu vurğulanıb.
Görüşdə maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb. Baytarlıq preparatlarının, yemlərin, yem əlavələrinin və vaksinlərin keyfiyyətinin yoxlanılmasında beynəlxalq üsulların tətbiqi məsələləri müzakirə olunub, bu sahədə birgə təlimlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib. Həmçinin VGNKİ tərəfindən həyata keçirilən laboratoriyalararası sınaqlarda iştirak etməklə, təcrübə mübadiləsinin aparılmasının vacibliyi diqqətə çatdırılıb.
Sonra Aleksey Tretyakov AQTİ-nin laboratoriyalarına baxış keçirib, burada müasir standartlara uyğun həyata keçirilən müayinələrlə yaxından tanış olub.