Laşa Darsaliya: Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı nümunədir
Gürcüstan ilə Azərbaycan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Biz bu strateji tərəfdaşlığın bəhrəsini sözdə deyil, əməli fəaliyyətdə də görürük.
Bu sözləri Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya Milli Məclisin Tbilisidə səfərdə olan nümayəndə heyətinin üzvləri ilə görüşdə söyləyib.
O qeyd edib ki, iki ölkə arasında münasibətlər, strateji tərəfdaşlıq dünyada nümunədir.
Nazir müavini bildirib ki, keçən ilə ölkələrimiz arasında əməkdaşlıq çox məhsuldar olub. Bir sıra sahələrdə çox böyük uğurlar əldə etmişik. Biz çalışacağıq ki, bu əməkdaşlıq daha da genişlənsin və möhkəmlənsin.
L.Darsaliya keçən il Bakıda keçirilən iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasının əhəmiyyətini xüsusi qeyd edib. Onun sözlərinə görə, iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq əlaqələri də yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan parlament nümayəndə heyətinin səfəri bunun əyani sübutudur.
Azərbaycanın parlament nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Azərbaycan dövləti və parlamenti Gürcüstan ilə strateji tərəfdaşlığın daha da inkişafına və möhkəmləndirilməsinə böyük önəm verir.
A.Nağıyev bildirib ki, Milli Məclisin üç komitə sədrinin Gürcüstana bu səfəri deyilənlərin sübutudur.
Görüşdə regionda gedən proseslər, mövcud çağırışlar, təhlükəsizlik və sabitliyin qorunması məsələləri diqqət mərkəzində olub.