Naxçıvan Muxtar Respublikasının büdcə xərclərinin 56,9 faizi yerli yığımlar hesabına təmin edilib
2024-cü ildə Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 261 milyon 540 min 388 manat təşkil edib. Büdcə gəlirlərindəki yüksək artım bölgənin maliyyə potensialının düzgün istiqamətləndirilməsi və maliyyə idarəetməsində aparılan islahatların nəticəsidir.
Bu sözləri Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov nazirliyin 2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında deyib.
Həsən İsmayılov ötən il büdcə gəlirlərinin artması və xərclərin daha səmərəli idarə olunması ilə maliyyə sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunduğunu bildirib.
Muxtar respublikanın 2024-cü il büdcəsində xərclərin təyinatına uyğun xərclənməsinə nəzarətin gücləndirilməsi, maliyyə sahəsində şəffaflıq və hesabatlılıq prinsiplərinin təmin olunması büdcə xərclərinin qənaətlə və səmərəli şəkildə idarə olunmasına şərait yaradıb, nəticədə 539 milyon 265 min manat plana qarşı 429 milyon 606 min 592 manat xərclənib.
Maliyyə naziri vurğulayıb ki, xərclərin optimallaşdırılması nəticəsində muxtar respublikanın büdcə xərclərinin 56,9 faizi yerli yığımlar hesabına təmin edilib ki, bu da indiyə qədər olan ən yaxşı göstəricidir. Bu istiqamətdə də ən mühüm addım maliyyə intizamının gücləndirilməsi olub ki, bunun nəticəsində də büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsi təmin edilib. Xərclərin idarə olunması və optimallaşdırılması çərçivəsində yalnız sosial və iqtisadi baxımdan əhəmiyyətli layihələrə üstünlük verilib, lazımsız xərclər ixtisar edilib. Bu yanaşma maliyyə vəsaitlərinin səmərəli istifadəsinə şərait yaratmış və yerli maliyyə resurslarının potensialını artırıb.
Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin proqnozlaşdırılan gəlir və xərclərindən danışan Həsən İsmayılov cari ildə də maliyyə vəsaitlərinin daha səmərəli idarə olunmasının, yerli gəlirlərin artırılmasının və dövlət büdcəsindən asılılığın azaldılmasının əsas hədəflərdən olduğunu diqqətə çatdırıb.
Sonra nazirliyin Xəzinə şöbəsinin müdiri Nurlan Hacıyev 2024-cü il dövlət büdcəsinin icrası, Büdcə şöbəsinin müdir müavini Ramil Hüseynov 2025-ci ilin dövlət büdcəsinin əsas istiqamətləri barədə çıxış ediblər, yerli bölmələrin rəhbərlərinin məruzələri dinlənilib.