azturkxeber.az
http://azturkxeber.az

Sadıq Qarayevin əsərləri

09-02-2025

 

"ƏDƏBİYYATDA YENİ TƏKAMÜL MƏRHƏLƏSİ"- SADIQ QARAYEV

ƏDƏBİYYATDA YENİ TƏKAMÜL MƏRHƏLƏSİ:
SADIQ QARAYEVİN ƏSƏRLƏRİNDƏ AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ VƏ BƏŞƏRİ DƏYƏRLƏR
 

Alim-yazıçı Sadıq Qarayevin ilk bədii əsəri  “Sahilsiz təzadlar” romanıdır. Maraqlı, həm də dünya ədəbiyyatı  tarixində nadir hadisələrdəndir ki, müəllif heç bir kiçik həcmli hekayə, esse, povest yazmadan ilk bədii əsər kimi 630 səhifəlik roman yazmışdır. Bu roman “Bəşəriyyətin dünyagörüşündəki təzadlı, çoxüzlü baxışlar sistemi və mövqeyindəki ətalət, çoxbucaqlı standartlar sayəsində Xocalıda, Somalidə, Əfqanıstanda, Yaxın Şərqdə, eləcə də dünyanın digər yerlərində vəhşicəsinə qətlə yetirilmiş, aclıqdan, susuzluqdan dünyasını vaxtsız dəyişmiş, insanlığın vicdan indikatorları olan uşaqların əziz xatirəsinə”  ithaf edilmişdir. Sadıq Qarayevin əsərlərinin itihafı, fəsillərin önündəki aforizmləri mövzulara işıq salır və mahiyyətin milli və bəşəri dəyərlərin müstəvisində olduğunu göstərir.

“Sahilsiz təzadlar” bədii, elmi, fəlsəfi və dedektiv romandır. Əsərin əsas qəhrəmanları Əli və Nərmindir. Süjet xətti bu iki gəncin ülvi məhəbbəti, başlarına gələn hadisələr əsasında qurulmuşdur. Hadisələr “Zor bulaq yaylağından başlayır. Burada müəllif unudulub getməkdə olan el adətlərini, elat dünyasnı, milli oyunları geni və yadda qalan bədii təsvirinə nail olmuşdur.

Bu romanda fərziyyələrin müəllifin öz elmi təfəkkürünün məhsulu olması, onları ustalıqla bədii üslubda verməsi, təkcə bizim deyil, dünya ədəbiyyatında nadir hadisələrdəndir. “Hələ biz bilmirik ki, canlılar aləminin bir çox növləri ölçü və rəng baxımından ətraf mühiti necə görürlər”, “Qarışqanın, yoxsa filin gördüyü tısbağa həqiqətə daha çox yaxındır” və s.  kimi onlarla elmi mülahizələr əsərin həqiqət, fəlsəfi yükünü zənginləşdirir. Bəkə də, hələ elm tərəfindən dəiqiqləşdirlməmiş bir çox məsələlər vardır ki,  Sadıq Qarayevin əsərlərində bədii şəkildə, obrazların dili ilə verilmişdir.
Akademik İsa Həbibbəyli bu əsərə yazdığı ön sözdə haqlı olaraq qeyd edir ki, “Bütövlükdə “Sahilsiz təzadlar” romanında müəllif həyatdakı və elm aləmindəki təzadlara aydın mövqedən yanaşmaq, mənəvi aləmin daxili qatlarındakı ziddiyyətli məqamlara işıq salmağa çalışmaq qabiliyyətini və son nəticədə irəliyə – sabaha, işığa, kamilliyə doğru çağırmaq ideyalarını diqqət mərkəzinə çəkir”.

Əli və Nərminin sonda Şuşada görüşmələri isə, Azərbaycan xalqının və dövlətinin arzusunun, ali məqsədinin, onu həyata keçirmək üçün iradə, əzm və qüdrətinin dünyaya nümayişi olmuşdur. “44 günlük” müharibədən, qələbədən 6 il öncə yazıçı heyrətamiz şəkildə olacaqları belə təsvir edirdi: “Şuşa... “Bəşəriyyətin qlobal problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Şuşa şəhəri axır vaxtlar tez-tez bu cür nüfuzlu, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Nəinki regionda, eləcə də artıq dünyada öz iqtisadi, elmi qüdrəti ilə fərqlənən, bunların əsasında daha sərbəst, müstəqil siyasət aparan Azərbaycan dövləti Dağlıq Qarabağda, eləcə də ona bitişik işğal olunmuş digər rayonlarda öz suveren hüququnu bərpa etdikdən sonra sürətlə quruculuq, abadlıq işlərinə başlamışdır”.

Sanki Sadıq Qarayev 6 il əvvəllə gedərək, Şuşanı gəzib gəlmiş, orada baş verən hadisələrin şahidi olmuşdir. Bu gün hamımız yazılarda qeyd edilən hadisələrin şahidi oluruq. 

Yazıçı Sadıq qarayev “Sahibsiz kölgələr” romanını da “Sahilsiz təzadlar” kimi yeni üslubda bədii, elmi, fəlsəfi və dedektiv janrda yazmışdır. Bu roman bir çox müsbət və mənfi qəhrəmanlarla zəngindir.

“Sahibsiz kölgələr” əsəri müasir ədəbiyyatımızda Azərbaycan çekistlərinə həsr olunmuş ilk böyük həcmli romandır.

“Elmi və bədii təfəkkürün sintezinin geniş yer aldığı, milli və bəşəri dəyərlərə yeni təkamül proseslərinin axarında baxılan “Sahilisiz Təzadlar” və “Sahibsiz kölgələr” romanlarında azərbaycanlı xarakteri, humanizm və yüksək mənəvi xüsusuiyyətlər mental dəyərlərin və azərbaycancılıq məfkurəsinin işığında canlandırılır, vətənpərvərlik ideyaları hadisələrin təbii məntiqindən doğan real nəticə kimi meydana çıxır” .

“Sarvansız zamanlar” Sadıq Qarayevin  üçüncü əsəridir. Müəllifin bundan əvvəlki “Sahilsiz təzadlar” və “Sahibsiz kölgələr” əsərləri elmi-fəlsəfi və dedektiv janrda yazılmış iri həcmli romanlar olmuşdur.  

“Sarvansız zamanlar” kitabı altı fəsildən ibarət və müxtəlif janrlarda yazılmış əsərlər yer almışdır. I fəsil hekayələr və esselərdən ibarətdir. Burada Sadıq Qarayev janr, üslub və mətn quruluşu baxımından yeniliklər yarada bilmişdir. Müəllifin “Bir yazı yazmaq istəyirəm”, “Mövcudluq şükranlığı” esseləri poeziyanın nəsrlə vəhdətinin yeni formada vəhdətinin nümunəsidir.

II fəsildə müəllifin müxtəlif elmi, fəlsəfi və ictimai düşüncələri bədii təxəyyüllə təsvir edən yazıları, III fəsildə sadə, mənalı, bəzi hallarda aforizm səviyyəsində səslənə biləcək fikirləri yer almışdır.

IV fəsildə Sadıq Qarayevin müsahibələri və publisist məqalələri yer almış, “44 gün” adlanan V fəsil isə​Qarabağda  tarixi qələbəmizə həsr edilmişdir. Buradakı “And”, “Aləmlərin söhbəti”, “Zoriyə gecikmiş məktub” yazıları üslub, məna və milli dəyərlər baxımından tariximizə, bu günümüzə və qələbəmizə, bayrağımıza, vahid azərbaycançılıq məfkurəsi nöqtəsindən mənalı və əhəmiyyətlidir. VI fəsildə müəllifin müxtəlif vaxtlarda yazdığı şeirlər yer almışdır.

Professor İsmayıl Kazımov yazır: “S.Qarayev sarvansız zamanlar deyərkən, insan beyninin işıq və qaranlıq, xeyir və şər tərəflərinin güclərinin bərabərləşdiyi, bir-birini söndürdüyü vaxtları nəzərdə tutur”.  

Müəllifin “N saylı qəhrəmanlıq” romanı Azərbaycançılıq məfkurəsinin 200  illik ermənilik şovinizmi və havadarları üzərində tarixi həlledici zəfərinə, Vətən Müharibəsi  şəhidlərinin, n sayda qəhrəmanlarının əziz xatirəsinə itihaf edilmişdir.

“N saylı qəhrəmanlıq” əsəri mürəkkəb quruluşlu, elmi-fəlsəfi, yarımsənədli, tarixi romandır. 44 günlük Vətən müharibəsində ön və arxa cəbhəni, beynəlxalq vəziyyəti, xalq-dövlət-ordu-Ali Baş Komandan vəhdətinin gücü-“Dəmir Yumruq”un mahiyyəti, N sayda qəhrəmanları və görünməyən “N” saylı qəhrəmanlıqları işıqlandırmışdır.

Roman 3 fəsildən ibarətdir. “Müharibə Tumurcuqları” adlanan I fəsildə müharibənin səbəbləri, ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri vəhşiliklər, soyqırımlar, torpaqlarımızın işğalı və I Qarabağ müharibəsi, aprel və Tovuz döyüşlərində əsgər və zabitlərimizin qəhrəmanlığından, Azərbaycan xalqının şəhidlik məktəbindən bəhs edilmişdir. İlk dəfə olaraq Ali Baş Komandanın bədii obrazı verilmiş, müharibədən əvvəl və müharibə dövründə düşüncələri, ideyaları və fəaliyyəti işıqlandırılmışdır.

“N saylı qəhrəmanlıq” adlanan II fəsildə müharibəyə hazırlıq, döyüşün planlamaları, başlanması, kənd və şəhərlərimizin işğaldan azad olunmasından bəhs edilmişdir. Onlarla şəhid və qazilərin döyüş yolu, göstərdikləri mislsiz qəhrəmanlıqları, şücaətləri əsasən sənədli və real faktlar əsasında təsvir edilmişdir.

III fəsil “Mövcudluğun səpələnməsi” adlanır. Burada Şuşanın azad olunması, Cıdır düzündə “Sərxoş qarğa rəqslərini Xarıbülbül festifalı ilə əvəz olunması fonunda mövcudluğun səpələnməsi bədii-fəlsəfi şəkildə təsvir olunur. Qəhrəman şəhidlərin  mövcudluğu isə Azərbaycanın üçrəngli bayrağına, dövlətin gücünə səpələnərək xalqın milli-mənəvi dayaq nöqtələrinə çevrilir. Romanda ədəbiyyatımızda ilk dəfə olaraq Azərbaycançılıq məfkurəsinin mahiyyəti işıqlandırılır.

“N Saylı qəhrəmanlıq” romanı yazılarkən tarixi zəfərimizlə başa çatan  II Qarabağ müharibəsi haqqında dünya xalqlarında, gələcək nəsillərdə geniş və əhatəli təsəvvür yaratmaq  əsas məqsəd olmuşdur.

“N saylı qəhrəmanlıq” romanı 2023-cü ildə nəşr olunmuşdur. Qısa zaman ərzində roman haqqında alimlər, yazıçılar, ziyalılar və ictimai xadimlər  tərəfindən yazılan məqalələr, təhlil və müzakirələri nəzərə alsaq deyə bilər ki, müstəqillik dövründə heç ir  roman bu qədər təhlil edilməmişdir:
Bütün bu deyilənlər, müasir ədəbiyyatımızda əsərin nə qədər möhtəşəm yazılmasından, gənc nəslin vətənpərvər ruhda formalaşmasına müsbət təsir etməsindən, Qarabağ müharibəsinin dünyaya çatdırılmasından   xəbər verir.

 ​“Azərbaycançılıq məfkurəsi” Sadıq Qarayevin  beşinci kitabıdır. Müəllifin bundan əvvəlki “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr” əsərləri elmi-fəlsəfi və dedektiv, “N saylı qəhrəmanlıq”  elmi-fəlsəfi və tarixi janrlarında yazılmış iri həcmli romanlar, “Sarvansız Zamanlar” isə hekayə və esselerdən, müxtəlif janrlarda yazılmış əsərlərdən ibarət kitabdır.

“Azərbaycançılıq məfkurəsi” kitabı altı fəsildən ibarət və müxtəlif janrlarda yazılmış əsərlər yer almışdır. I fəsil hekayələr və esselərdən ibarətdir. Burada Sadıq Qarayev janr, üslub və mətn quruluşu, elmlə bədiiliyin vəhdəti baxımından yeniliklər yarada bilmişdir. Müəllifin “Düzülüş və mövcudluq”, “Zidiyyətin çalarları”, “Bağban və yol” hekayə və esseləri poeziyanın nəsrlə vəhdətinin yeni formada təzahür nümunəsi olmaqla yanaşı, bu əsərlərdə cəmiyyət və təbiətin harmoniyası, insanın bəndə, bəşər övladı və vətəndaş kimi daxili aləmi, onun müqəddəs vəzifələri bir sıra fəlsəfi baxış nöqtələrindən müzakirə edilir.  

 II fəsildə Azərbaycançılıq məfkurəsinin milli dövlətçiliyimizin, yeni milli hədəflərimizin işıqlı yolunun zəfərlərimizin hərəkətverici qüvvəsi olduğunu izah edən,  əsaslandıran elmi-fəlsəfi, bədii yazılar yer almışdır.

​   III və IV fəsillərdə  müəllifin müxtəlif elmi düşüncələrini, fəlsəfi və ictimai fikirlərini bədii təxəyyüllə təsvir edən, müxtəlif janrlı yazılar yer almışdır.
​   V fəsildə yazıçının sadə, mənalı, bəzi hallarda aforizm səviyyəsində səslənə biləcək fikirləri yer almışdır. 

​  VI fəsil “Ömür lövhələri” adlanır və bir insanın - bioloqun yaşadığı, müşahidə etdiyi ətraf aləmin, ömür yolunun   yazıçı təxəyyülündə əks olunan xatirələri təsvir edilir.

Yazıçı Sadıq Qarayevin əsərlərində milli dəyərlərlə yanaşı, bəşəri dəyərlər də ön plana çəkilir. Yazıçının əsərlərinin hər səhifəsində fəlsəfi fikirlərlə rastlaşırıq.

Alim – yazıçı Sadıq Qarayevin əsərlərinə nəinki ədəbiyyatçılar, eyni zamanda tarixçilər, filosoflar, dilçi alimlər müraciət etməli, tərəflərindən araşdırılmalı, yeni tədqiqat işi olmalıdır.


Filologiya üzrə fəlsəfə dokotoru Hüsniyyə Çobanova, Heydər Əliyev adına Hərbi İnstitutun dosenti






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728