azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan nümayəndə heyəti Türkiyədə yaşıl enerji sahəsində dördtərəfli əməkdaşlıq iclasında iştirak edib

08-02-2025


Türkiyənin İstanbul şəhərində keçirilmiş Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi layihəsinin müzakirəsinə dair bu ölkələrin nazir müavinlərinin 3-cü iclasında ölkəmizi energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Tədbirdə “Azərenerji” ASC-nin nümayəndələri də iştirak ediblər.

Energetika Nazirliyindən bildirilib ki, nazir müavini Orxan Zeynalov çıxışında Azərbaycanın enerji keçidi sahəsində mövcud strategiyası, bərpaolunan enerji potensialı və yaşıl enerjinin ixracı istiqamətində atılan addımlar barədə məlumat verib. Azərbaycanda yaşıl enerji zonalarının yaradılması və Xəzər dənizində külək enerjisi potensialının reallaşdırılması istiqamətində həyata keçirilən layihələrdən, həmçinin ölkəmizi Avropa ilə birləşdirəcək yaşıl enerji dəhlizlərindən danışılıb.

İclasda dörd ölkə arasında elektrik enerjisi mübadiləsinin genişləndirilməsi imkanlarına və layihə üzrə müqavilə-hüquq bazasının formalaşdırılması məqsədilə hazırlanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstan Respublikasının Energetika Nazirliyi arasında yaşıl enerjinin ötürülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun layihəsi müzakirə edilib və sənədin mətni razılaşdırılıb.

Səfər çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Zafer Demircan ilə Azərbaycan və Türkiyə arasında yaşıl enerji dəhlizinin yaradılması məsələsinin müzakirəsinə həsr olunmuş geniş tərkibli görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasında yaşıl enerji zonasının inkişafına dair Konsepsiya və Tədbirlər Planının hazırlanması istiqamətində görülən işlər haqqında məlumat verilib, BCG məsləhətçi şirkətinin ekspertləri, “Azərenerji” ASC-nin və Türkiyənin TEİAS şirkətinin nümayəndələrinin də iştirakı ilə yaşıl enerjinin ixracını dəstəkləyəcək infrastruktur layihələrinin texniki və iqtisadi əsaslandırılmasından irəli gələn məsələlər müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728