AQTA sədri sahibkarların müraciətlərini dinləyib
Yanvarın 23-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Agentliyin inzibati binasında çay, duz, qənd və şəkər emalı, idxal-ixracı və istehsalı sahəsində fəaliyyət göstərən sahibkarların müraciətlərini dinləyib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, AQTA sədri sahibkarların müraciətlərini və təkliflərini dinləyib, suallarını cavablandırıb, ayrı-ayrı məsələlər üzrə aidiyyəti üzrə göstərişlər verib.
Sahibkarlar mövcud qanunvericilik və tələblər barədə ətraflı məlumatlandırılıb. Çay, duz, qənd və şəkər emalı, idxal-ixracı və istehsalı zamanı təhlükəsizlik və keyfiyyət göstəricilərinin müvafiq tələblərə cavab verməsinin vacib olduğu onların diqqətinə çatdırılıb.
Qeyd edək ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı AQTA sədri ilə görüşə bilərlər. Görüşlərdə iştirak etmək üçün ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrəsini göstərməklə [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazılmaq olar.