Rəsmi Kiyevdən Tramp administrasiyasına açıq mesaj: “Müharibə zamanı seçkilər keçirilməyəcək!”
Ötən həftə Ukrayna münaqişəsi ilə bağlı fəal siyasi proseslər, bəyanatlar ilə yadda qaldı.
Münxen Təhlükəsizlik Konfransında Ukraynada müharibə dönəmində prezident seçkilərinin keçirilməsi məsələsinə birdəfəlik aydınlıq gətirildi. Ukrayna Prezidenti Volodimir Zelenski Konfransda çıxışı zamanı bildirdi ki, hərbi vəziyyət zamanı seçkilərin keçirilməsini hətta əhali də istəmir. Ukraynanın dövlət başçısı seçkilərlə bağlı danışmağa hazır olduğunu bəyan etdi. Lakin onun sözlərinə görə, ukraynalılar bunu hərbi vəziyyətin ləğvinə görə istəmirlər.
Prezident qeyd etdi ki, hazırda ölkənin müharibə şəraitində sağ qalmasına diqqət yetirir.
“Seçkilər haqqında danışmağa hazıram. Ukraynalılar qətiyyən seçkiləri istəmirlər. Qorxurlar ki, seçki olsa, hərbi vəziyyət rejimini itirəcəyik, əsgərlər evə qayıdacaq və Rusiya bütün ölkəni işğal edəcək. İndi bizdə səfərbərlik var, biz vahid ölkəyik və buna görə də vəziyyətin gələcəkdə də belə qalması çox vacibdir”, - deyə Zelenski bildirib.
Dövlət başçısı əlavə edib ki, söhbət ölkənin gələcəyindən gedir.
Zelenskinin mövqeyindən dərhal sonra hakim “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya da seçki məsələsinə nöqtə qoyub. "Görürəm ki, yenə də seçkilərlə bağlı bəzi söz-söhbətlər var. Bu, müharibə zamanı ilk dəfə deyil. Ona görə də bir daha xatırladacağam ki, hərbi vəziyyət zamanı seçkilər qeyri-mümkündür. Bütün fraksiya və qrupların rəhbərləri seçkilərin hərbi vəziyyətin başa çatmasından ən geci 6 ay sonra keçirilməsi barədə razılığa gəliblər", - deyə Araxamiya xatırladıb.
Əslində, rəsmi Kiyevin bu mövqeyi ABŞ-a, o cümlədən Tramp administrasiyasına mesaj idi. Çünki müharibə dönəmində Ukraynada seçkilərin keçirilməsinə daha çox ABŞ israr edir. Amerika hakimiyyəti fakt kimi qeyd edir ki, ABŞ İkinci Dünya müharibəsində seçkilər keçirib və heç bir problemlə üzləşməyib. ABŞ müharibə dönəmində seçkilərin keçirilməsi təcrübəsini söyləyir və bunun qorxulu olmadığını deyir. Ukrayna rəsmiləri isə bəyan edirlər ki, ABŞ 1944-cü ildə prezidentini seçəndə, aktiv hərbi münaqişə yox idi. Ukraynanın ərazisinin isə bir hissəsi işğal olunub. Aktiv müharibə Ukrayna ərazisində davam edir.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında Ukraynada parlament seçkiləri, 2024-cü ildə isə prezident seçkiləri keçirilməli idi.