Avropa İttifaqı qazın qiymətləri ilə bağlı yeni məhdudiyyətlər barədə fikirləşir
Avropa İttifaqı 2025-ci ilin yayında qazın qiymətinə yeni məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. Bu barədə “Financial Times” xəbər verir.
Yanacağın alış qiymətinin məhdudlaşdırılması yeraltı qaz anbarlarında (YQA) ehtiyatların bərpa olunacağı dövrə təsadüf edəcək. Hazırda bu anbarlar 50 faizdən az həcmdə doludur. “Gas Infrastructure Europe” (GIE) bildirir ki, fevralın 10-na anbarların doluluq səviyyəsi 47.89 faiz təşkil edib ki, bu da son beş ilin orta göstəricisindən (56,03 faiz) 8 faiz bəndi aşağıdır.
“Bloomberg” agentliyinin məlumatına görə, hazırda Avropada qaz qıtlığı riski yoxdur, lakin növbəti qış üçün qaz anbarlarının doldurulma sürəti ilə bağlı narahatlıqlar mövcuddur. Avropa İttifaqında qazın yüksək qiymətləri 3 milyard avroya qədər maliyyə itkilərinə gətirib çıxara bilər.
Anbarların ciddi şəkildə boşalmasından sonra Avropa yayda qaz tədarükünü daha fəal artırmalı olacaq ki, ehtiyatları bərpa edib soyuqlar düşənə qədər onların səviyyəsini normativ hədd olan 90 faizə çatdırsın. Ekspertlər bildirirlər ki, bu tədbirlər dünya üzrə yanacaq qiymətlərinin artmasına səbəb ola bilər.