Leonardo da Vinçinin çəkdiyi sirli tunellər 500 ildən sonra kəşf edilib
500 il əvvəl Leonardo da Vinçinin dəftərlərindəki rəsmlər günümüzə işıq salır. Texnologiya sayəsində Milan Politexnik Universitetinin tədqiqatçıları məşhur rəssamın dəftərinə çəkdiyi Sforza qəsrinin altındakı sirli tunelləri kəşf ediblər. Universitetdən verilən açıqlamada aşkarlanacaq daha çox gizli keçidlərin ola biləcəyi bildirilib. Şifrələrlə yazılmış və çaşdırıcı rəsmlərlə dolu Leonardo da Vinçinin dəftərləri maraqlı sirlərlə doludur.
Bununla belə, alimlər böyük rəssamın ən maraqlı rəsmlərindən birinin arxasındakı həqiqəti üzə çıxarıblar. Da Vinçinin təxminən 1495-ci ildə çəkdiyi sirli tunellər Milanda Sforza qalasının altında aşkar edilib.
Bu gizli keçidlərin 13-cü əsrdə tikilmiş qalanın altında niyə tikildiyi dəqiq bilinmir, lakin ekspertlər hələ də kəşf ediləcək daha çox tunelin ola biləcəyini düşünürlər.
Gizli tunellər şəbəkəsi Milan Politexnik Universitetinin tədqiqatçıları, qala rəsmiləri və “Codevintec Italiana” mühəndislik firması tərəfindən aşkar edilib. Bu komanda bütün qalanı rəqəmsal olaraq skan etmək və qeyd etmək üçün yeni bir üsul hazırlayıb. Bu üsula 500 ildən çox gizlədilən bölmələr daxil olub.
Lazer, GPS və yeraltı radarlarla aparılan araşdırmalar nəticəsində tədqiqatçılar da Vinçinin orijinal rəsmlərinə demək olar ki, tam uyğun gələn tunellər aşkar ediblər.
Sforza qalasının tikintisinə 1358-ci ildə başlansa da, o vaxtdan bəri qala dəfələrlə dağıdılıb və yenidən tikilib. Bu gün orijinal quruluşun yalnız altıda biri ayaqda qalır.
1400-cü illərdə orijinal qala dağıdılandan sonra Milan hersoqu Françesko Sforza qalanın xarabalıqları üzərində yeni bir tikilinin inşa edilməsini əmr edir.
1466-cı ildə Françeskonun ölümündən sonra onun oğlu Ludoviko Sforza layihəni öz üzərinə götürür və qalanın içini bəzəmək üçün Leonardo da Vinçi də daxil olmaqla dövrün aparıcı rəssamlarını dəvət edir. Da Vinçinin əsərlərini hələ də qalanın "Taxta lövhələr otağı" mənasını verən "Sala delle Asse" kimi tanınan hissəsində görmək olar. Bununla belə, bəlkə də onun ən mühüm töhfəsi şəxsi dəftərində gizlədilib.
Milan Politexnik Universitetindən verilən açıqlamada deyilir ki, Leonardonun rəsmlərində əbədiləşdirilən bu keçid uzun müddətdir əfsanələrə və fərziyyələrə səbəb olub. İndi texnologiya sayəsində onun varlığı təsdiqlənmiş kimi görünür. Üstəlik kəşf ediləcək daha çox gizli keçidlər ola bilər.
Tədqiqatçılar müxtəlif üsulları birləşdirərək qalanın ikinci yeraltı mərtəbəsində otaqlar və məlum tunelə paralel uzanan əlavə keçid aşkar ediblər. Ancaq tarixi qeydlərə görə, qalanın gizli keçidlərindən ən azı biri hərbi məqsədlər üçün deyil, daha çox şəxsi məqsədlə tikilmiş ola bilər.
Tədqiqatçılar deyirlər ki, bu tunellər çox güman ki, da Vinçinin 1495-ci ildə çəkdiyi rəsmlərə uyğun gəlir.