İsveç hökuməti odlu silahlara lisenziya verilməsi qaydalarının sərtləşdirilməsini təklif edir
İsveç hökuməti və İsveç Demokratları Partiyası (DP) Erebru şəhərində bu günlərdə baş vermiş kütləvi atışmadan sonra hərbi tipli yarımavtomat silahların əldə edilməsinə məhdudiyyət qoyulmasını təklif edib.
Partiya daxilində bu məsələdə yekdillik yoxdur, belə ki, bəzi deputatlar bu təklifə qarşı çıxıblar. Onlar bəyan ediblər ki, qərar kifayət qədər fakt olmadan qəbul olunacaq.
“Baxmayaraq ki, Erebru canisi cinayəti törədərkən AR tipli silahdan istifadə etməyib, hökumət yenə də bu silahın əldə edilməsinə qadağa qoymağa çalışır”, - deyə DP üzvü Tobias Andersson X sosial şəbəkəsində yazıb.
Erebru terror aktında atıcının hansı silahdan istifadə etməsi ilə bağlı polis rəsmi məlumat verməyib. Yalnız bildirilib ki, dörd ədəd tüfəngdən istifadə olunub. Erebruda AR-15 tipli silahdan istifadə edilməsinə dair sübut olmasa da, ədliyyə naziri Qunnar Strömmer qeyd edib ki, təklif gələcəkdə baş verə biləcək faciələrin qarşısının alınmasına yönəlib.
“Bu cür kütləvi atışmanın baş verdiyini və digər ölkələrdə bu tip silahdan istifadə edildiyini nəzərə alaraq, biz bu təklifə qabaqlayıcı tədbir kimi baxırıq”, - deyə Q.Strömmer söyləyib.
Sosial-demokratlar bütün mövcud lisenziyaların dərhal yoxlanması və verilməsi qaydalarının sərtləşdirilməsini tələb edirlər.