Yəmənin Əl-Beyda əyalətində qazdoldurma stansiyasında baş vermiş partlayışda ölənlərin sayı 15 nəfərə çatıb, azı 67 nəfər xəsarət alıb.
azturkxeber.az xəbər verir ki, bu barədə Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatının nəzarətində olan SABA agentliyi Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
“Al Mashhad” portalının məlumatına görə, Əz-Zahir rayonunun Əl-Məcriş bölgəsində dörd qazdoldurma qurğusu partlayıb. Yaralıların sayı 70 nəfəri keçib, onlar tibb müəssisələrinə yerləşdirilib. “Əs-Saura” xəstəxanası çoxsaylı yaralılar səbəbindən yerli sakinləri qan verməyə çağırıb.
Xatırladaq ki, daha əvvəl “Reuters” agentliyi Əl-Beyda əyalətində qazdoldurma stansiyasında baş vermiş partlayışda azı səkkiz nəfərin öldüyünü, 60 nəfərin xəsarət aldığını bildirmişdi.