Dəm qazından zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzə(KTM) gətirilən, 14 gün komada qalan azyaşlının həyatı xilas edilib.
Bu barədə KTM-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 2024-cü il dekabrın 10-da 12 yaşlı pasiyent (qadın cinsli) kəskin inhalasyon dəm qazı zəhərlənməsi diaqnozu ilə serebral koma (toksiki ensefalopatiya) vəziyyətində Kliniki Tibbi Mərkəzə gətirilib. Xəstə ağır vəziyyətdə KTM-in Toksikologiya şöbəsinə qəbul edilib, ona zəruri tibbi yardım göstərilib. Xəstəyə, eyni zamanda, mərkəzi tipli hipertermiya diaqnozu qoyulub və stasionar şəraitdə zəruri müalicə prosedurları başladılıb.
14 gün ərzində yüksək qızdırma ilə koma vəziyyətində qalan xəstə uğurlu müalicə prosedurları nəticəsində həyata qaytarılıb. Toksikologiya şöbəsinin həkimlərinin müalicələrindən sonra azyaşlının səhhətində müsbət dinamika müşahidə olunub, həyatı təhlükəsi geridə qalıb, hazırda vəziyyəti qənaətbəxşdir.
Azyaşlı zəruri kontrol müayinələrdən sonra müalicəsinin davam etdirilməsi üçün uşaq xəstəxanalarından birinə hospitalizasiya olunub.