Mərkəzi Bank tərəfindən Cəlilabad rayonunda vətəndaşların səyyar qəbulu keçiriləcək
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaş qəbullarının keçirilməsi mühüm yer tutur.
AzTurkxeber.az məlumatına görə, növbəti səyyar qəbul 15 yanvar tarixində Cəlilabad rayonunda keçiriləcəkdir. Qeyd edilən tarixdə qəbul Cəlilabad, Masallı, Lerik, Astara, Yardımlı inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcəkdir.
Qəbul zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcəkdir.
Qeyd edək ki, qəbula dair müraciətləri Mərkəzi Bankın 966 Qaynar xətti və +994 55 966 19 66 “Whatsapp” nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.