“Qadınların seçkilərdə fəallığının yüksəldilməsi” mövzusunda silsilə tədbirlər keçirilir
Yanvarın 9-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası və “Bərabər İnkişaf Naminə” Koalisiyanın birgə əməkdaşlığı, Qusar Qadın Resurs Mərkəzinin iştirakı ilə “Qadınların seçkilərdə fəallığının yüksəldilməsi” mövzusunda növbəti tədbir keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, 105 qadının qatıldığı tədbirdə “Bərabər İnkişaf Naminə” Koalisiyanın üzvü Təranə Kərimova müasir dövrdə gender bərabərliyinin bütün sahələrdə olduğu kimi, dövlət idarəetməsi və siyasi sferada da qorunmasının vacibliyindən danışıb, Azərbaycan qadınlarının ölkəmiqyaslı tədbirlərdə daim aktivlik nümayiş etdirməsinin sevindirici hal olduğunu qeyd edib.
Sonra Qusar Dairə Seçki Komissiyasının sədri Cəlil İbrahimov seçki prosesində qadınların fəallığının nümayiş etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Qusar Rayon Mərkəzi Xəstəxanasının həkimi Xuraman Əliyeva və şəhər 2 saylı tam orta məktəbin müəllimi Rima Cavadova çıxış edərək, Qusarın qadın sakinlərinin rayon üzrə fəallığından danışıblar.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.