Dövlət büdcəsinin 10 aylıq gəlirləri 33,5 milyard manatı ötüb


2026-cı ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.
Bu barədə Azturkxeber.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 1 milyon 110 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.
Cari ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 33 569,6 milyon manat təşkil edib ki, bu da proqnozu 1 163,5 milyon manat və ya 3.6 faiz üstələyib.
Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 16 065,2 milyon manat təşkil edərək proqnozdan 1 274,2 milyon manat və ya 8.6 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 47,7 milyon manat təşkil edərək proqnozdan 11,8 milyon manat və ya 33.0 faiz, sair daxilolmalar 540,0 milyon manat təşkil edərək proqnozdan 106,8 milyon manat və ya 24.6 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 613,5 milyon manat təşkil edərək proqnozdan 1,5 milyon manat və ya 0.03 faiz çox, Dövlət Neft Fondundan transfert isə 10 697,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 606,1 milyon manat təşkil edərək proqnoza qarşı 72.4 faiz icra olunub.
Yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinin xərcləri 28 761,4 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 040,8 milyon manat və ya 3.8 faiz çoxdur.
2026-cı ilin yanvar-oktyabr ayları ərzində icmal büdcənin gəlirləri 41 952,0 milyon manat, xərcləri isə 34 082,4 milyon manat məbləğində icra edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: