Milli Kitabxanada “Xalq şairi Balaş Azəroğlu – 105” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

11 noyabr 2026-cı il tarixində Milli Kitabxanada “Xalq şairi Balaş Azəroğlu – 105” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Azturkxeber.az xəbər verir ki, sərgidə şairin şeirləri, nəsr əsərləri, poemaları, tərcümələri, tərtibçisi, rəyçisi, ön söz müəllifi və redaktoru olduğu nəşrlər, həmçinin həyat və yaradıcılıq yolu haqqında Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuat materialları nümayiş olunur.
Balaş Allahbaxış oğlu Abizadə (Balaş Azəroğlu) 1921-ci il noyabrın 11-də Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıda 21 saylı məktəbdə alıb. Məktəbdə oxuyarkən ədəbiyyata böyük həvəs göstərib, Respublika Pionerlər Evində ədəbiyyat dərnəyinə üzv olub. 1936-cı ildə “Pioner” jurnalında “Dnepr” adlı ilk şeiri dərc olunub.
1937-ci ildə ailəsi ilə birgə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə sürgün edilib. Burada fars dilini öyrənmək üçün gecə kurslarında təhsil alıb. 1941-ci ildə İranda milli azadlıq hərəkatına qoşulub, 1942-ci ildə İran Xalq Partiyasına daxil olub. 1943-cü ildə “Ziddi-faşist” təşkilatının Ərdəbil Komitəsinə sədr seçilib.
İlk şeir kitabları isə 1943–1945-ci illərdə Ərdəbildə və Təbrizdə nəşr olunub. 1946-cı ildə Təbrizdə Milli Hökumət tərəfindən Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini təyin olunub, həmçinin İran Azərbaycanı Milli Məclisinin deputatı seçilib.
1947–1952-ci illərdə Bakıda Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb, eyni zamanda, Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri vəzifəsində çalışıb. 1954–1955-ci illərdə Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin mətbu orqanı olan “Azərbaycan” qəzetinin redaktoru, 1959–1964-cü illərdə ADF MK-nın sədr müavini olub.
O, Ərdəbildə nəşr olunan “Yumruq” qəzetinə redaktorluq edib. “Vətən yolunda” qəzeti redaksiyasının təşkil etdiyi müsabiqədə “Səttarxan” şeirinə görə mükafata layiq görülüb.
1966-cı ildə filologiya elmləri namizədi elmi dərəcəsini alıb, 1963–1982-ci illərdə Azərbaycan EA-nın Ədəbiyyat İnstitutunun Orta əsrlər ədəbiyyatı şöbəsində baş elmi işçi işləyib. 1981–1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışıb. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin Cənubi Azərbaycan ədəbiyyatı üzrə baş müşaviri təyin olunub və Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvü seçilib.
Şairin “Fədailər marşı”, “Təbrizin baharı”, “Azərbaycan”, “Aşıq Hüseynə cavab” və s. şeirlərində vətən həsrəti ilə yanaşı, bütöv Azərbaycan arzusu, bu yolda mübarizə aparan xalqın istək və amalları öz əksini tapıb.
Müxtəlif illərdə “Şeirlər”, “Savalan”, “Mübarizə yollarında”, “Gənclik dostlarım”, “Mənim nəğmələrim”, “Səhər şəfəqləri”, “Sənətin qüdrəti”, “Hafizin qəbri üstündə”, “Elə oğul istəyir Vətən”, “Dünənim, bu günüm, sabahım”, “Gəl, ay bahar”, “Sinəm Savalan dağıdır”, “Bir kürsü istəyirəm” adlı kitabları nəşr olunub. Əsərləri ingilis, rus, fars, özbək, fransız, gürcü, Ukrayna və latış dillərinə tərcümə olunub. Çoxcildlik “Azərbaycan ədəbiyyatı”nın müəlliflərindən biridir. Fars dilindən Nizaminin “Yeddi gözəl” poemasını, Füzulinin qəzəllərini, Şəhriyarın şeirlərini tərcümə edib.
Ədəbi və ictimai fəaliyyətinə görə “Şərəf nişanı” və “Xalqlar dostluğu” ordenləri, “21 Azər”, “Firdovsi” və digər medallarla, iki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə və müstəqil Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilib.
Şair 1981-ci ildə Azərbaycanın “Xalq şairi” fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Sevilən xalq şairi və ictimai xadim Balaş Azəroğlu, 2011-ci il aprelin 24-də Bakıda vəfat etmiş, İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: