Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim olunub









Dövlət Sərhəd Xidmətinin (DSX) “N” saylı hərbi hissəsinə Döyüş Bayrağının təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilib.
Azturkxeber.az-ın məlumatına görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Döyüş Bayrağının təqdim edilməsinin Şanlı Zəfərin 6-cı ildönümünə təsadüf etməsinin xüsusi rəmzi məna daşıdığı vurğulanıb. Bildirilib ki, bu əlamətdar hadisə hərbi hissənin şəxsi heyəti üçün böyük şərəf olmaqla yanaşı, yüksək məsuliyyət və mühüm vəzifələr də müəyyən edir.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli rəhbərliyi, müdrik siyasəti və sərkərdəlik məharəti, Azərbaycan əsgərinin qəhrəmanlığı, xalqımızın sarsılmaz birliyi nəticəsində Vətən müharibəsində qazanılan tarixi Qələbə dövlətimizin qüdrətini və Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirib.
Vətən müharibəsində Azərbaycan sərhədçilərinin üzərlərinə düşən döyüş tapşırıqlarını məsuliyyətlə yerinə yetirdikləri, torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda yüksək peşəkarlıq, fədakarlıq və qəhrəmanlıq nümayiş etdirərək tarixi Zəfərin qazanılmasına mühüm töhfə verdikləri xüsusi vurğulanıb.
DSX-nin rəisi general-polkovnik Elçin Quliyev Müzəffər Ali Baş Komandanın əmr və tapşırıqlarının yüksək səviyyədə icrasının hər bir hərbi qulluqçunun başlıca vəzifəsi olduğunu diqqətə çatdırıb. Dövlət sərhədlərinin etibarlı mühafizəsi və müdafiəsi, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin ardıcıl xarakter daşıdığını bildirən general-polkovnik şəxsi heyətin döyüş hazırlığının, peşəkarlığının və hərbi intizamının daim yüksək səviyyədə saxlanılmasının vacibliyini qeyd edib.
Mərasimin davamında DSX rəisi general-polkovnik Elçin Quliyev hərbi şərəfin, qəhrəmanlığın, əsgəri ləyaqətin, Vətənə və dövlətə sədaqətin rəmzi olan Döyüş Bayrağını hərbi hissənin rəhbərliyinə təqdim edib.
Təqdimetmə mərasimi başa çatdıqdan sonra Şanlı Zəfərin 6-cı ildönümü münasibətilə hərbi hissənin ərazisində DSX rəhbərliyinin və şəxsi heyətin iştirakı ilə 15 000 ağac əkilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: