2025-ci ilin ilk altı ayında icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat
Dövlət büdcəsinin gəlir və xərcləri 2025-ci ilin altı ayında dövlət büdcəsinin gəlirləri 19803,9 milyon manat, xərcləri 17095,6 milyon manat olmuş, 2708,3 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır (Qrafik 1).
Dövlət büdcəsinin gəlirləri. 2025-ci ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 19099,1 milyon manat proqnoza qarşı 19803,9 milyon manat və yaxud 704,8 milyon manat (3,7 faiz), 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 5,1 faiz və ya 961,1 milyon manat çox icra edilmişdir. Bu cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 51,6 faizinə bərabər olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 5,9 faiz çox icra edilməklə 12563,4 milyon manat təşkil etmişdir ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 111,1 milyon manat və ya 0,9 faiz çoxdur.
Dövlət büdcəsinin gəlirlərinin 8703,7 milyon manatı və ya 43,9 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 7240,5 milyon manatı və ya 36,6 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 3091,1 milyon manatı və ya 15,6 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 312,2 milyon manatı və ya 1,6 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 21,9 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 434,5 milyon manatı və ya 2,2 faizi sair daxilolmaların payına düşür (Qrafik 2).
2025-ci ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 466,4 milyon manat və ya 5,7 faiz, gömrük orqanlarının xətti ilə 4,1 milyon manat və ya 0,1 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 5,1 milyon manat və ya 30,4 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən və digər mənbələrdən daxilolmalar üzrə 229,2 milyon manat və ya 44,3 faiz çox, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə proqnozlaşdırılan səviyyədə icra edilmişdir (Qrafik 3).
Cari ilin birinci yarısında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə 850,0 milyon manat və ya 13,3 faiz, vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 421,7 milyon manat və ya 5,1 faiz, dövlət əmlakının icarəyə verilməsindən və digər mənbələrdən daxilolmalar üzrə 29,8 milyon manat və ya 7,0 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 70,7 milyon manat və ya 29,3 faiz çox, gömrük orqanlarının xətti ilə daxilolmalar üzrə 161,1 milyon manat və ya 5,0 faiz az vəsait daxil olmuşdur.
Dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları 2025-ci ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 51,9 faizini təşkil etməklə 10277,3 milyon manat olmuşdur ki, bu da proqnozla müqayisədə 457,0 milyon manat və ya 4,7 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 232,3 milyon manat və ya 2,3 faiz çoxdur.
Cari ilin birinci yarısında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 62,4 faizini və ya 6417,6 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 30,1 faizini və ya 3091,1 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3,0 faizini və ya 312,2 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, 4,3 faizini və ya 434,5 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 21,9 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edir.
2025-ci ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirlərinin qeyri neft-qaz sektoru üzrə proqnoza nisbətən vergi orqanlarının xətti ilə daxilolmalar 218,6 milyon manat və ya 3,5 faiz, gömrük orqanlarının xətti ilə daxilolmalar 4,1 milyon manat və ya 0,1 faiz, dövlət əmlakının icarəyə verilməsindən və digər mənbələrdən daxilolmalar 319,2 milyon manat və ya 3,3 dəfə çox, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 84,9 milyon manat və ya 21,4 faiz az icra olunmuşdur.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 9526,6 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 247,8 milyon manat və ya 2,7 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 728,8 milyon manat və ya 8,3 faiz çoxdur (Qrafik 4).
2025-ci ilin ilk altı ayında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 24,0 faizi və ya 2286,1 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 76,0 faizi və ya 7240,5 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 52,7 faizi və ya 1203,9 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergisi, 39,2 faizi və ya 897,6 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 8,1 faizi və ya 184,6 milyon manatı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti mənfəət vergisi hesabına olmuşdur.
Dövlət büdcəsinin xərcləri. Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, dövlət proqramları və məqsədli tədbirlərin, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilmişdir.
2025-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri 17095,6 milyon manat məbləğində icra edilməklə illik dövlət büdcəsi xərclərinin 41,3 faizinə bərabər olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1043,5 milyon manat və ya 6,5 faiz çoxdur.
Cari ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsi xərclərinin 10571,3 milyon manatı və ya 61,8 faizi cari xərclərə (2024-cü ilin eyni dövrü ilə müqayisədə 737,1 milyon manat və ya 7,5 faiz çox), 5496,8 milyon manatı və ya 32,2 faizi əsaslı xərclərə (2024-cü ilin eyni dövrü ilə müqayisədə 549,2 milyon manat və ya 11,1 faiz çox), 1027,5 milyon manatı və ya 6,0 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2024-cü ilin eyni dövrü ilə müqayisədə 242,8 milyon manat və ya 19,1 faiz az) sərf edilmişdir.
Dövlət büdcəsinin funksional təsnifatı üzrə xərclərin icrası. 2025-ci ilin yanvar-iyun aylarında funksional təsnifata uyğun olaraq təhsil xərcləri 120,0 faiz və ya 2472,6 milyon manat, kənd təsərrüfatı xərcləri 117,2 faiz və ya 588,8 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 110,9 faiz və ya 2198,1 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 109,9 faiz və ya 3850,1 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 98,6 faiz və ya 2163,7 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 96,5 faiz və ya 1285,5 milyon manat, səhiyyə xərcləri 95,3 faiz və ya 792,6 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 94,1 faiz və ya 244,2 milyon manat, iqtisadi fəaliyyət xərcləri 77,7 faiz və ya 2716,9 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 72,5 faiz və ya 571,7 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 71,1 faiz və ya 122,9 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 57,4 faiz və ya 88,5 milyon manat icra edilmişdir (Qrafik 5).
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ilin birinci yarımilliyində müdafiə və milli təhkükəsizlik xərclərinə 26,3 faiz və ya 802,5 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 22,2 faiz və ya 44,4 milyon manat, kənd təsərrüfatı xərclərinə 19,9 faiz və ya 97,8 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq üzrə xərclərə 10,7 faiz və ya 124,5 milyon manat, təhsil xərclərinə 10,4 faiz və ya 233,5 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 5,1 faiz və ya 106,6 milyon manat çox vəsait yönəldilmişdir.
Dövlət büdcəsinin iqtisadi təsnifatı üzrə xərclərin icrası. 2025-ci ilin yanvar-iyun aylarında iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi xərcləri 114,7 faiz və ya 4691,6 milyon manat, subsidiyalar 110,8 faiz və ya 617,7 milyon manat, öhdəliklər üzrə əməliyyatlar 108,8 faiz və ya 498,5 milyon manat, qrantlar və digər ödənişlər 108,2 faiz və ya 2154,7 milyon manat, sosial ödənişlər 106,3 faiz və ya 1500,2 milyon manat, faizlər üzrə ödənişlər xərcləri 97,5 faiz və ya 528,9 milyon manat, qeyri-maliyyə aktivləri 93,6 faiz və ya 5436,0 milyon manat, malların (işlərin və xidmətlərin) satınalınması xərcləri 70,0 faiz və ya 1591,1 milyon manat, maliyyə aktivləri üzrə əməliyyatlar 42,9 faiz və ya 54,3 milyon manat icra edilmişdir (Qrafik 6).
2025-ci ilin ilk altı ayı ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə bu məqsəd üçün illik nəzərdə tutulmuş vəsaitin 32,3 faizi həcmində və ya 868,1 milyon manat vəsait sərf olunmuşdur.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 38,8 faizi həcmində və yaxud 1552,4 milyon manat istifadə olunmuşdur.
Həmin vəsaitin 1353,6 milyon manatı infrastruktur təyinatlı layihələrinin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 1058,2 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 239,5 milyon manat, magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintisi işlərinin həyata keçirilməsi üçün 33,7 milyon manat, Sənaye Parklarının fəaliyyətinin təşkili, habelə onların ərazisində infrastrukturun yaradılması üçün 20,5 milyon manat və işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin xarici elektrik təchizatla təmin olunması işlərinin aparılması üçün 1,7 milyon manat), 182,0 milyon manatı təhsil, səhiyyə, mədəniyyət və idman yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 16,8 milyon manatı isə ərazilərin minalardan təmizlənməsi tədbirləri üzrə xərclərə yönəldilmişdir.
Ehtiyat fondlar üzrə xərclərin icrası. 2025-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsində əvvəlcədən nəzərdə tutulmamış bəzi tədbir və xərclərin maliyyə təminatı üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 12,4 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 7,2 milyon manat, cəm olaraq 19,6 milyon manat vəsait istifadə olunmuşdur.
Dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər, dövlət borcunun vəziyyəti. 2025-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2399,6 milyon manat məbləğində xərclər nəzərdə tutulmuşdur. Operativ məlumatlara əsasən cari ilin birinci yarısında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 328,7 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 698,8 milyon manat olmaqla (əsas borc üzrə 498,5 milyon manat, faiz borcu üzrə 200,3 milyon manat), ümumilikdə 1027,5 milyon manatın ödənilməsi təmin edilmişdir.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2025-ci il 1 iyul tarixinə xarici dövlət borcunun səviyyəsi 5010,7 milyon ABŞ dolları təşkil etmişdir.
Operativ məlumatlara əsasən daxili dövlət borcunun səviyyəsi 2025-ci il 1 iyul tarixinə 17177,4 milyon manat təşkil etmiş və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 13,1 faizini təşkil etmişdir.
İcmal büdcə
2025-ci ilin yanvar-iyun aylarında icmal büdcənin gəlirləri 24357,9 milyon manat, xərcləri isə 19593,7 milyon manat icra olunmuşdur. İcmal büdcədə 4764,2 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 3962,9 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 554,6 milyon manat və ya 16,3 faiz çox), xərcləri 3743,5 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 324,5 milyon manat və ya 9,5 faiz çox) olmuşdur.
İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri 121,4 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 33,7 milyon manat və ya 21,7 faiz az), xərcləri 84,4 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,4 milyon manat və ya 26,0 faiz çox) olmuşdur.
İcbari tibbi sığorta fondunun büdcəsinin gəlirləri 1253,8 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 82,5 milyon manat və ya 7,0 faiz çox), xərcləri 1015,4 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 219,9 milyon manat və ya 27,6 faiz çox) olmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8815,9 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 427,0 milyon manat və ya 4,6 faiz az), xərcləri 7264,8 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 862,1 milyon manat və ya 13,5 faiz çox) olmuşdur.
Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 213,2 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 47,7 milyon manat və ya 18,3 faiz az), xərcləri 203,2 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,7 milyon manat və ya 6,1 faiz çox) olmuşdur.