azturkxeber.az
http://azturkxeber.az

“Qızların Təhsilinə Dəstək” layihəsinin yeni iştirakçıları təltif olunub

11-11-2026

11 noyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsilin İnkişafı Fondunun və Bakı Dövlət Universitetinin əməkdaşlığı ilə “Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində Hənifə Məlikova-Zərdabi və Hacı Zeynalabdin Tağıyev adına təqaüd proqramlarının iştirakçıları təltif olunublar.

Azturkxeber.az xəbər verir ki, Bakı Dövlət Universitetində baş tutan təltifetmə mərasimində əvvəlcə layihəyə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Qızların Təhsilinə Dəstək” layihəsinin əhatə dairəsinin genişlənməsini, təhsilanların bu proqrama qoşulmasını yüksək qiymətləndirərək, belə layihələrin davamlılığının və dayanıqlılığının əhəmiyyətini vurğulayıb.

Rektor qeyd edib ki, ölkədə qadınların təhsil alması, öz potensiallarını reallaşdırması və müxtəlif sahələrdə uğur qazanması üçün dövlət səviyyəsində geniş imkanlar yaradılıb. Bu imkanlardan səmərəli istifadə etmək üçün gənc qızların keyfiyyətli təhsil alması, elmi maraqlarının inkişaf etdirilməsi, sosial fəallıq nümayiş etdirməsi və ölkənin gələcəyinə töhfə verəcək peşəkar kadrlar kimi yetişməsi vacibdir.

BDU-nun layihənin ilk günlərindən təşəbbüsə dəstək verdiyini, indiyədək Universitetin 67 tələbəsinin layihədən faydalandığını diqqətə çatdıran rektor, hazırki tədbirin universitetdə keçirilməsinin rəmzi məna daşıdığını qeyd edib, layihə təşkilatçılarına təşəkkürünü bildirib.

Çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, “Qızların Təhsilinə Dəstək” layihəsinin yaranma tarixindən, ötən müddət ərzində əldə olunan nəticələrdən və təşəbbüsün gələcək inkişaf perspektivlərindən bəhs edib.

O, layihənin 2021-ci ildə, Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılmış Qızlar Məktəbinin 120 illiyi ərəfəsində irəli sürüldüyünü diqqətə çatdırıb.

B.Muradova, 14 qızla başlayan təşəbbüsün ötən illər ərzində genişlənərək 730-dan çox iştirakçını əhatə etdiyini, layihənin əsas nailiyyətlərindən birinin isə məzunlar şəbəkəsinin formalaşması və iştirakçılar arasında davamlı əlaqələrin qurulması olduğunu diqqətə çatdırıb.

Çıxış zamanı layihə iştirakçılarının gələcəkdə yalnız təhsildə uğur qazanan mütəxəssislər kimi deyil, həm də maarifçilik ideyalarının daşıyıcıları və təşəbbüskarları kimi yetişməsinin vacibliyi vurğulanıb. B. Muradova, BDU-da “Qızların Təhsilinə Dəstək” klubunun yaradılmasını, iştirakçıların və məzunların vahid şəbəkə ətrafında birləşdirilməsini və onların Universitet həyatında daha fəal iştirakının təmin olunmasını təklif edib.

Çıxışının sonunda Dövlət Komitəsinin sədri layihənin builki iştirakçılarını təbrik edərək, onların gələcəkdə ölkənin ictimai, elmi və sosial həyatında fəal rol oynayacaqlarına, əldə etdikləri bilik və təcrübəni cəmiyyətin inkişafına yönəldəcəklərinə əminliyini ifadə edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, layihənin qızların istedadlarını üzə çıxarmaq, onların potensialını inkişaf etdirmək və gələcək perspektivlərini genişləndirmək məqsədi daşıdığını deyib. Azərbaycanın gələcək zəfərlərinin elm, təhsil və gənclərin uğurları ilə davam edəcəyini vurğulayan N. Məmmədli, qızların gələcəkdə bu zəfərlərin əsas müəlliflərindən olacaqlarına əminliyini ifadə edib.

Çıxışlar dinlənildikdən sonra BDU-da təhsil alan Hənifə Məlikova-Zərdabi və Hacı Zeynalabdin Tağıyev adına təqaüd proqramlarının yeni iştirakçılarına sertifikatlar təqdim olunub.

Tədbirin sonunda layihə iştirakçıları proqram çərçivəsində qazandıqları bilik və təcrübələri bölüşərək, layihəni qızların təhsil həyatında müsbət dəyərlərin təşviqinə və onların inkişafına xidmət edən əhəmiyyətli platforma kimi qiymətləndiriblər.

Sonda xatirə fotosu çəkilib.

Bakı Dövlət Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30