azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada “Böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvani - 900” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

08-10-2026


28 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyev Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb.

8 oktyabr 2026-cı il tarixində Milli Kitabxanada Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir, Əfzələddin Xaqani Şirvaninin “Böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvani - 900” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə şairin əsərləri, qəzəlləri, rübailəri, poemaları, şeirləri, həyat və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Əfzələddin Xaqani Şirvani 1126-ci ildə Şirvanda dülgər ailəsində anadan olub. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərib. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. Saray çəkişmələri nəticəsində şair həbs edilir. Həbsdə olduğu dövrdə o "Həbsiyyə" şeirlərini yazır.

Xaqani Şirvani Azərbaycan ədəbiyyatının nəhəng simalarından biridir. XII əsrdə yaşayıb-yaratmış böyük şair Azərbaycan ədəbiyyatında təsəvvüf və sufi düşüncəsinin, eləcə də dövrü üçün fərqli sayılan bir sıra poetik janr və mövzuların inkişafında mühüm rol oynayıb.

Xaqani Şirvaninin həyat yolu da yaradıcılığı qədər mürəkkəb və ziddiyyətli olub. Şirvanşahların əmri ilə həbs edilərək Şabran qalasında saxlanılıb. Sonralar Təbrizə, oradan isə Bağdada gedib. Bütün çətinliklərə baxmayaraq, şair öz mövqeyini dəyişməyib, doğma yurda və Azərbaycan ədəbi mühitinə bağlılığını qoruyub saxlayıb.

Xaqani Şirvani yalnız geniş təxəyyüllü şair deyil, o, tibb, riyaziyyat, teologiya, fəlsəfə və musiqi ilə yanaşı, farsdilli poeziyanın incəliklərini də mənimsəmiş, ilahi eşq, epistemoloji axtarış, ictimai ədalətin yayılması üçün əlindən gələnləri bütün gücü ilə edən böyük humanistdir. Onun əsərlərində metafizik tənhalığın və ilahi ümidin vəhdətdə dayandığının şahidi olmaq insan potensialının hüdudsuzluq göstəricisi kimi möhtəşəmdir.

Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divani, "Töhfətül-İraqeyn" poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə "Şiniyyə" və "Mədain xərabələri" qəsidələri, "Həbsiyyə" şeirləri və "Töhfətül-İraqeyn" poeması daxildir.

Xaqani həm də Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınır. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulub. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapmış özəlliklərindən biri də türklüyə dərin məhəbbətdir.

Azərbaycan ədəbiyyatında ilk epistolyar məsnəvi sayılan "Töhfətül-İraqeyn" ("İki İraqın töhfəsi") (1156) poemasında da Xaqani bir sıra simvol və eyhamların köməyi ilə özü ilə mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olub.

Xaqani Şirvaninin XII əsr İslam dünyasında böyük nüfuzu olub. Bağdadda olduğu dövrdə xəlifə ona xüsusi məvacib ayırıb, Dəclə çayının sahilində yaşaması üçün ev verib. Buna baxmayaraq, şair həmin dövrün mühüm siyasi və mədəni mərkəzlərindən biri sayılan Bağdadda qalmaqdan imtina edərək yenidən Təbrizə qayıdıb və ömrünün sonunadək burada yaşayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031