azturkxeber.az
http://azturkxeber.az

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

07-10-2026

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniya Birləşmiş Respublikasına işgüzar səfəri çərçivəsində Aruşa şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 153-cü Assambleyasının iclasında çıxış edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azturkxeber.az-a verilən məlumata görə, S.Qafarova “İnklüzivlik, etimad və hamı üçün imkanlar vasitəsilə yaxşı idarəetmənin gücləndirilməsi və icmaların səlahiyyətlərinin artırılması” mövzusunda ümumi müzakirələrdə çıxışı zamanı bildirib ki, effektiv idarəetmə yalnız səmərəli təsisatlarla deyil, həm də insanların onlara etimadı, qərarların qəbulunda iştirakı və cəmiyyətə töhfə vermək üçün bərabər imkanlara malik olması ilə bağlıdır.

Azərbaycan dövlət idarəçiliyinin təkmilləşdirilməsi, rəqəmsal həllərin genişləndirilməsi, dövlət xidmətlərinin əlçatanlığının artırılması və vətəndaş iştirakının gücləndirilməsi istiqamətində görülən tədbirlərdən danışan Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu səylərə parlament də töhfə verir. Onun sözlərinə görə, müasir texnologiyalar vətəndaşlarla qarşılıqlı əlaqəni genişləndirir və parlament fəaliyyəti barədə məlumatlara çıxışı artırır. Eyni zamanda, Azərbaycan vətəndaşların və vətəndaş cəmiyyətinin qanunvericilik prosesində birbaşa iştirakını təmin edən hüquqi və institusional mexanizmlər yaradıb.

S.Qafarova bildirib ki, ictimai dinləmələr və müzakirələr də mühüm iştirak mexanizmlərindəndir. Dövlət qurumlarının nümayəndələri, ekspertlər, vətəndaş cəmiyyəti təşkilatları və ictimaiyyət nümayəndələri qanun layihələri və ictimai maraq doğuran məsələlərin müzakirəsinə cəlb olunurlar. Qeyd edilib ki, 2021-2026-cı illərdə Milli Məclis 49 ictimai dinləmə və 6 ictimai müzakirə keçirib. Bu mexanizmlər parlamentə müxtəlif mövqeləri dinləməyə və cəmiyyətlə əlaqələri gücləndirməyə imkan verir.

Parlamentin sədri, həmçinin Milli Məclis tərəfindən istifadə olunan digər rəqəmsal alətlər barədə də məlumat verib. O cümlədən parlament tərəfindən inklüzivliyin təmin olunması istiqamətində görülən işlər də diqqətə çatdırılıb. Bu baxımdan Azərbaycan parlamenti tərəfindən qadınların, gənclərin və əlilliyi olan şəxslərin iştirakına, hüquqlarına xüsusi diqqət yetirilməsi, bu istiqamətdə müvafiq qanunvericiliyin yaradılması ilə bağlı da məlumat verilib.

Milli Məclisin sədri yekunda bildirib ki, PAİ təcrübə mübadiləsi aparmaq, daha açıq, inklüziv və etimad qazanmış təsisatların qurulmasında parlamentlərin rolunu gücləndirmək üçün mühüm platforma təqdim edir. Qeyd olunub ki, iştirakı gücləndirmək və hər bir səsin eşidilməsini təmin etməklə icmalarımızın səlahiyyətlərini artırmaq, daha dayanıqlı, sülhsevər və davamlı cəmiyyətlərə töhfə vermək olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031