azturkxeber.az
http://azturkxeber.az

Heydər Əliyev – müstəqil Azərbaycanın xilaskarı və qurucusu

02-10-2026

3 oktyabr 1993-cü ildə keçirilən Prezident seçkiləri müstəqil Azərbaycan dövlətinin tarixində şanlı bir gün oldu. Xalqın böyük əksəriyyətinin səs çoxluğu ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

Prezident seçilən Heydər Əliyev məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən qurtardı, ölkəmizi tərəqqi, inkişaf yoluna çıxartdı.

Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan şəxslər, siyasi partiyalar Heydər Əliyevin siyasi kursunun alternativi olmadığını başa düşüb, bu böyük siyasi xadimi ölkə rəhbərliyinə dəvət etsəydilər Azərbaycan 20 Yanvar, Xocalı, Şuşa Laçın, Kəlbəcər, Ağdam və bir çox faciələrlə üzləşməz, torpaqlarımızın 20 faizi işğal altına düşməzdi.

Ulu öndər 1993-cü ildə Prezident seçildikdən sonra ölkədə hüquqi, ictimai-siyasi sabitliyi təmin etdi, ölkə daxilindəki qeyri qanuni silahlı dəstələri zərərsizləşdirdi, ən əsası vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı, müasir, peşəkar ordu quruculuğu istiqamətində mühüm qərarlar qəbul etdi.

1991-1993-cü illərdə Azərbaycanda özbaşınalıq, hərc - mərclik hökm sürürdü. O vaxtlar Azərbaycana səriştəsiz, siyasətdən uzaq insanların rəhbərlik etməsi ölkədə olduqca ağır vəziyyət yaratmışdır. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ölkəni idarə edə bilmədikləri, eləcə də baş verə biləcək təhlükənin qarşısını ala bilməyəcəklərini anlayıb Heydər Əliyevdən imdad istədilər. 1993-cü il iyunun 9-da xalqın və hakimiyyətdə olan insanların təkidi ilə Ulu öndər Bakıya gəldi. Xalqının xilası naminə Heydər Əliyev öz həyatını təhlükəyə ataraq Gəncəyə getdi və Azərbaycan xalqına misli görünməmiş fəlakət gətirə biləcək qiyamın qarşısını aldı. Müstəqillik illərində qarşıya çıxacaq bütün çətinlikləri, problemləri həll edə biləcək yeganə şəxs Heydər Əliyevin olduğunu xalq çox gözəl bilirdi.

Ümummilli lider fitri istedada, zəkaya malik fenomen bir şəxsiyyət, dünya siyasətinin kamil bilicisi, müdrik dövlət başçısı idi. Dünya liderləri Heydər Əliyevi XX əsrin ən güclü siyasətçilərindən biri hesab edirdilər. Ulu öndər Heydər Əliyevin siyasi kursunun əsasını dövlət müstəqilliyini qoruyub saxlamaq, Azərbaycan dövlətinin imicini beynəlxalq aləmdə yüksəltmək, Azərbaycan xalqının rifahını yaxşılaşdırmaq təşkil edirdi. Heydər Əliyev müstəqill Azərbaycan dövlətinin təməlini qoydu, vətəndaş cəmiyyətini formalaşdırdı, milli mənəvi dəyərlərin qorunub saxlanmasında müstəsna rol oynadı. Qərbə inteqrasiya yolunu seçən Heydər Əliyev hər zaman milli mənafeyi və milli maraqları üstün tuturdu.

Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu dahi insanın qətiyyəti və iradəsi nəticəsində reallaşdı. Qərb dövlətlərinin və nəhəng neft şirkətlərinin "Əsrin müqaviləsi"nə imza atmaları onların Heydər Əliyevə olan inamından irəli gəlirdi. Onlar başa düşürdülər ki, Heydər Əliyevin imzası xalqın milli marağını ifadə edir və Azərbaycan xalqı bu dahi şəxsiyyəti sevir və ona güvənir.

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra Azərbaycanda hüquqi dövlət quruculuğu prosesləri başladı.

Ulu öndər respublikamızda rüşvətxorluqla, korrupsiya, terrorizmlə mübarizədə qətiyyətli qərarlar qəbul etdi. Heydər Əliyev hər kəsə başa saldı ki, qanun hər kəsdən, hər şeydən ucadır.

Dahi lider Azərbaycanda qadın hüquqlarının qorunmasına xüsusi diqqət ayırırdı.

Cəmiyyətdə qadınların istər siyasi, istərsə də sosial-iqtisadi sahələrdə yüksək vəzifələrdə çalışmalarına böyük dəstək verirdi. Məhz bu dahi şəxsiyyətin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyada tanınan bir dövlətə çevrildi. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində qısa müddətdə xarici siyasət sahəsində Azərbaycan böyük uğurlara imza atdı. Dünyanın böyük dövlətləri Azərbaycanla sıx siyasi iqtisadi əlaqələr qurmağa maraq göstərməyə başladı. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktı beynəlxalq təşkilatların gündəliyinə salındı.

Ulu öndər Heydər Əliyev siyasi kursunu rəhbər tutan Prezident cənab İlham Əliyev Azərbaycan dövlətini dünyada güclü nüfuzlu bir dövlətə çevirdi. Prezident cənab İlham Əliyev Azərbaycanı regionda və Türk dünyasında aparıcı dövlətə, dünyanın ikinci ən böyük siyasi təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edən bir dövlətə çevirdi. Azərbaycan dövlətinin və xalqının qazandığı bütün uğurların təməlində Heydər Əliyev dühası dayanır.

Kamilə Əliyeva,

Bakı Dövlət Universitetinin kafedra müdiri,professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031