azturkxeber.az
http://azturkxeber.az

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

02-10-2026

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti “Türkiyə Texnologiya Komandası” – T3 Fondunun dəvəti ilə Şanlıurfa şəhərində keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak edib.

Azturkxeber.az xəbər verir ki, Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev və “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov finala yüksələn və ölkəmizi təmsil edən komandalarla görüşüblər, onların uğurlarını yüksək qiymətləndiriblər və iştirakçıları təbrik ediblər. 41 komandada təmsil olunan gənclərin bu sahədə əldə etdikləri nailiyyətlərin ölkəmizin texnoloji inkişafına mühüm töhfə olduğu diqqətə çatdırılıb.

Xatırladaq ki, Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3) arasında imzalanmış Protokola əsasən yaradılan “Bilim Bakı” mərkəzi “TEKNOFEST”in Azərbaycandakı rəsmi koordinatorudur. Festivalda ölkəmizi təmsil edən universitet tələbələri, gənclər və şagirdlərdən ibarət komandalar hazırlıq mərhələlərini məhz bu mərkəzdə keçiriblər. Mərkəz onlara texniki və nəzəri biliklərin artırılmasında dəstək göstərərək, startapların beynəlxalq səviyyədə rəqabətə hazırlaşmasına töhfə verib.

2018-ci ildən etibarən keçirilən “TEKNOFEST” innovasiya, startap və texnologiya sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən biri kimi tanınır. Festivalın əsas məqsədlərindən biri gənclərin texnologiya və elm sahələrinə marağının artırılması, həmçinin onların inkişafına şərait yaradılmasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031