Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub



Sentyabrın 30-da Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəlik ofisi, “Gabala Hospitality Group” və “Chenot Palace Gabala”nin əməkdaşlığı ilə İstanbulda turizm sənayesi və media nümayəndələri üçün şəbəkələşmə tədbiri təşkil olunub.
Azturkxeber.az xəbər verir ki, tədbirdə Türkiyə turizm sənayesinin 10-dan çox nümayəndəsi, o cümlədən turizm şirkətlərinin təmsilçiləri və media nümayəndələri iştirak ediblər. Görüş zamanı Azərbaycanın müxtəlif turizm imkanları, həmçinin Qəbələnin təbii xüsusiyyətləri, istirahət və sağlamlıq turizmi üzrə təklifləri barədə məlumat verilib.
Tədbir zamanı ATB tərəfindən Azərbaycanın müxtəlif regionlarını və səyahət təcrübələrini əhatə edən turizm potensialına dair təqdimat keçirilib, həmçinin “Gabala Hospitality Group” tərəfindən Qəbələnin turizm və qonaqpərvərlik imkanları, “Chenot Palace Gabala” tərəfindən isə sağlamlıq və rifah turizmi üzrə xidmətlər haqqında məlumat verilib.
Görüşdə Qəbələnin sağlamlıq, rifah və uzunömürlülük turizmi üzrə potensialına xüsusi diqqət yetirilib. “Chenot Palace Gabala”nin təqdimatında sağlamlıq və rifah proqramları, eləcə də bu xidmətlərin Qəbələnin təbii mühiti ilə əlaqələndirilməsi barədə məlumat verilib.
Tədbir çərçivəsində Azərbaycan və Türkiyə turizm sənayesi nümayəndələri arasında əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub. Görüşdə sağlamlıq və rifah turizmi ilə yanaşı, təbiət və qastronomiya turizmi üzrə əməkdaşlıq imkanlarına da toxunulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: