Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 30 sentyabr 2026-cı il tarixli plenar iclasında 27 sentyabr – Anım Günü barədə çıxışı

Hörmətli həmkarlar!
27 sentyabr günü xalqımız üçün xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyır. Altı il bundan əvvəl həmin gün müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin başladığı Zəfər yürüşü ölkəmizin tarixində yeni dövr açmışdır.
44 günlük Vətən müharibəsində əldə edilən qələbə şəhər və kəndlərimizin əksər hissəsinin Ermənistan Respublikasının 30 illik işğalından azad edilməsinə gətirib çıxarmış, dövlətimizin ərazi bütövlüyünün bərpasına şərait yaratmışdır.
2023-cü ilin sentyabr ayında keçirilən bir günlük antiterror əməliyyatı isə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin ən mühüm mərhələsini başa çatdırmışdır. Dövlətimizin suverenliyi tam bərpa olunmuş, ölkə Konstitusiyasının qüvvəsi onun bütün ərazisində bərqərar edilmişdir.
Bu tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin başladığı və möhtərəm Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji xəttin təntənəsini təcəssüm etdirmişdir.
Hörmətli həmkarlar!
Azərbaycan düşmən üzərində tarixi qələbələri xalqımıza bəxş etmiş müzəffər Ali Baş Komandana, cəsur əsgər və zabitlərimizə əbədi olaraq minnətdardır. (Alqışlar.)
Vətən və xalq yolunda canından keçmiş şəhidlərimiz unudulmur və heç zaman da unudulmayacaq.
Hörmətli deputatlar!
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına uyğun olaraq, artıq 6 ildir ki, ölkəmizdə “Anım Günü” qeyd edilir.
Üç gün öncə, sentyabrın 27-də Anım Günündə möhtərəm cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva Zəfər Parkında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etdilər.
Həmin gün dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri də Zəfər Parkında oldular. Ölkəmizin şəhər və rayonlarında anım tədbirləri keçirildi.
Hörmətli həmkarlar!
Anım Gününün dərin ümummilli əhəmiyyəti vardır. Şəhidlərin xatirəsinin qorunub saxlanılması nəsillər arasında əlaqəni möhkəmləndirir, suveren və qüdrətli Azərbaycanın dəyərini daha yaxşı anlamağa kömək göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: