Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

“Times Higher Education” (THE) tərəfindən 2027-ci il üzrə “Dünya universitetləri reytinqi”nin (THE World University Rankings) nəticələri açıqlanıb. Bu il reytinqdə təmsil olunan Azərbaycan universitetlərinin sayı 4-dən 5-ə yüksəlib.
Bu barədə Azturkxeber.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, nəticələrə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ötən illə müqayisədə mövqeyini yaxşılaşdıraraq 801–1000 intervalından 701–800 intervalına yüksəlib və Azərbaycan universitetləri arasında ən yüksək nəticəni göstərib. Bakı Dövlət Universiteti 1601–1800, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 1801–2000, Azərbaycan Texniki Universiteti isə 2001+ intervalında yer alıb.
Reytinqin builki nəticələrində mühüm yeniliklərdən biri Azərbaycan Tibb Universitetinin (ATU) ilk dəfə sıralamaya daxil olmasıdır. Beləki, ATU reytinqə 2001+ intervalından daxil olub.
Ümumilikdə, 2027-ci il üzrə THE Dünya Universitetləri Reytinqində 118 ölkədən 2 297 ali təhsil müəssisəsi yer alıb. Bu, ötən illə müqayisədə 4 faiz artım deməkdir.
Builki reytinqdə universitetlərin mövqelərinin daha dəqiq göstərilməsi üçün sıralama formatında da dəyişiklik edilib. Beləki, ötən illərdə reytinqdə ilk 200 universitetin yeri ayrıca göstərilirdisə, bu ildən etibarən ilk 300 universitet fərdi olaraq sıralanıb. 300-cü yerdən sonrakı universitetlər isə daha kiçik intervallar üzrə qruplaşdırılıb. Nəticədə reytinq intervallarının sayı 10-dan 18-ə yüksəlib.
THE bildirir ki, bu dəyişiklik universitetlərin reytinqdəki mövqelərini daha aydın göstərməyə və nəticələri daha dəqiq müqayisə etməyə imkan verəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: