azturkxeber.az
http://azturkxeber.az

Ali Məclisin 2026-cı il payız sessiyası açılıb

30-09-2026


Sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il payız sessiyasının ilk plenar iclası keçirilib.

Bu barədə Azturkxeber.az-a Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Ali Məclis sədrinin birinci müavini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqust ayında Naxçıvan Muxtar Respublikasına etdiyi səfərlə bağlı çıxış edərək qeyd edib ki, ötən ay Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Bu, möhtərəm Prezidentin Naxçıvana 17-ci səfəri idi. Səfər çərçivəsində bir sıra sosial və iqtisadi obyektlərin açılışı olub, o cümlədən yeni layihələrin təməli qoyulub. Sözsüz ki, həyata keçirilən bu tədbirlər Naxçıvanda iqtisadi fəallığın artırılmasına, müasir infrastrukturun formalaşdırılmasına, sahibkarlıq və investisiya imkanlarının, eləcə də nəqliyyat və kommunikasiya bağlantılarının genişləndirilməsinə, enerji və su təminatının yaxşılaşdırılmasına xidmət edir.

Bəxtiyar Məmmədov diqqətə çatdırıb ki, Naxçıvanın gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri də Zəngəzur dəhlizidir. Dövlət başçısının da səfər zamanı verdiyi müsahibədə ifadə etdiyi kimi, Zəngəzur dəhlizinin reallaşdırılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat, enerji və kommunikasiya əlaqələrinin yeni mərhələdə inkişafını təmin etməklə, muxtar respublikanın ölkənin və regionun nəqliyyat sisteminə daha sıx inteqrasiyasına şərait yaradacaq, eyni zamanda Naxçıvanın tranzit əhəmiyyətinin artmasına mühüm töhfə verəcək. Bu dəhlizin açılması Naxçıvanın enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi baxımından da mühüm hadisədir.

Bütün bunlar göstərir ki, muxtar respublikanın müxtəlif istiqamətlər üzrə hərtərəfli inkişafının təmin edilməsi hər zaman dövlətimizin diqqətindədir.

Bu baxımdan cənab Prezidentin səfərindən dərhal sonra imzaladığı müvafiq Sərəncamla Naxçıvanda enerji, yol, nəqliyyat, təhsil və sosial infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə 258 milyon manat vəsaitin ayrılması bu diqqətin bariz nümunəsidir.

Bəxtiyar Məmmədov əminliyini bildirərək qeyd edib ki, dövlətimizin xüsusi qayğısı və diqqəti sayəsində qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası nəticəsində Naxçıvan daha da inkişaf edəcək, muxtar respublikanın sosial-iqtisadi potensialı daha da artacaq.

Daha sonra Ali Məclisin deputatları Canməmməd Canməmmədov, Emin Şıxəliyev, Azad Novruzov, Məmməd Məmmədov və Qafar Qənbərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvana səfərinin əhəmiyyətindən danışıblar. Deputatlar ölkə başçısının diqqəti və qayğısı nəticəsində Naxçıvanın müdafiə potensialının gücləndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi, sənayeləşmə, tarixi-mədəni irsin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi istiqamətində görülən tədbirlərdən bəhs ediblər.

Vurğulanıb ki, dövlət başçısının səfər çərçivəsində verdiyi bəyanatlar muxtar respublikanın gələcək inkişafının yol xəritəsidir.

Sonra Bəxtiyar Məmmədov iclasın gündəliyində duran məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi barədə olduğunu bildirib.

Gündəlik qəbul olunduqdan sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.

Bununla da Ali Məclisin payız sessiyasının ilk plenar iclası başa çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930