azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Slovakiya Respublikasının milli bayramı münasibəti ilə keçirilən tədbirdə çıxış edib

29-09-2026

Sentyabrın 29-da Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibəti ilə Bakıda keçirilən tədbirdə iştirak edib.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən Milli Məclisin sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb, bu əlamətdar gün münasibətilə dost Slovakiya xalqını ürəkdən təbrik edib.

Spiker bildirib ki, bu gün Azərbaycan ilə Slovakiya arasında münasibətlər ənənəvi dostluq, qarşılıqlı hörmət və etimada əsaslanır və xüsusən son illərdə bu münasibətlərin intensiv inkişafının şahidi oluruq.

Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin dekabr ayında Slovakiyaya ilk rəsmi səfəri, Slovakiya Prezidenti Peter Pelleqrininin və Baş nazir Robert Fitsonun 2024-cü və 2026-cı illərdə Azərbaycan Respublikasına rəsmi və işgüzar səfərlərinin iki ölkə arasındakı fəal siyasi dialoqu bariz şəkildə nümayiş etdirdiyini deyən Milli Məclis sədrinin sözlərinə görə, ölkə rəhbərlərinin siyasi iradəsi və ikitərəfli əlaqələrə ardıcıl yanaşması sayəsində Azərbaycan-Slovakiya münasibətləri qısa müddət ərzində ən yüksək səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qeyd olunub ki, ölkələrimizi maraqlandıran məsələlərə dair prinsipial mövqe, nümayiş etdirilən həmrəylik və qarşılıqlı dəstək bu tərəfdaşlığı xarakterizə edən mühüm xüsusiyyətlərdir.

Spiker Sahibə Qafarova bildirib ki, bu gün fəal siyasi dialoqa əsaslanan ikitərəfli əlaqələr müxtəlif istiqamətlər üzrə gündən-günə genişlənməkdədir. İqtisadi-ticari, energetika, qarşılıqlı investisiya qoyuluşu, hərbi-texniki, mədəniyyət, təhsil, parlamentlərarası əlaqələr üzrə əməkdaşlığımız müsbət inkişaf dinamikası ilə fərqlənir. Mövcud müqavilə-hüquq bazası qeyd olunan istiqamətləri əhatə edən yeni sazişlərlə daha da genişlənir.

Çıxışda İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun konkret layihələrin həyata keçirilməsi ilə bağlı fəaliyyətin səmərəli əlaqələndirilməsinə imkan yaratdığı qeyd olunub. Bildirilib ki, iki ölkə arasında birbaşa uçuşlar turizmin, habelə işgüzar dairələr arasında əməkdaşlığın inkişafına təkan verəcək, ən əsası isə xalqlarımız arasında əlaqələri dərinləşdirəcək. Bu mənada, elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin intensivləşdirilməsi, mövcud təşəbbüslərin yeni tədbirlərlə daha da zənginləşdirilməsinin xüsusi əhəmiyyəti vurğulanıb.

Slovakiya Prezidenti Peter Pelleqrininin böyük nümayəndə heyəti ilə cari ilin iyul ayında Azərbaycana rəsmi səfərini xatırladan spiker Sahibə Qafarova deyib ki, bu səfər Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağda, Şuşada aparılmış əhatəli danışıqlarla, əldə olunmuş mühüm razılaşmalarla yadda qaldı. Qeyd olunub ki, Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən icra olunan “Ağıllı kənd” layihəsi ölkələrimiz arasında səmimi dostluq münasibətlərinin mühüm göstəricisidir və Slovakiyanın işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması işində göstərdiyi dəstək və Qarabağın bərpasına verdiyi töhfə yüksək qiymətləndirilir. Spiker dövlət başçıları tərəfindən Baş Qərvənddə əsası qoyulmuş məktəbin isə xalqlarımız arasında dostluğun daha bir rəmzinə çevriləcəyini vurğulayıb.

Çıxışına yekun vuran Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu gün ikitərəfli əlaqələrin gündəliyində duran məsələlərə yanaşmada ortaq mövqe, müəyyən edilmiş hədəflərə doğru atılan addımlar Azərbaycanla Slovakiya arasındakı səmərəli işbirliyinin davamlı inkişafını təmin edir. Eyni zamanda, münasibətlərin hazırkı mahiyyəti yeni əməkdaşlıq istiqamətlərində də birgə işləməyə, ikitərəfli əməkdaşlığın mövcud potensialından tam istifadə etməyə imkan yaradır.

Spiker Sahibə Qafarova əminliyini ifadə edib ki, möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Slovakiya dostluq və strateji tərəfdaşlıq münasibətləri qarşıdakı illərdə də uğurla inkişaf edəcək, xalqlarımızın tərəqqisinə xidmət edəcək.

Tədbirdə Slovakiya Respublikası Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak və bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımov çıxış edərək ölkələrimiz arasında münasibətlərin inkişafını qeyd ediblər, qarşılıqlı həyata keçirilən yüksək səviyyəli səfərlərin və sıx təmasların əlaqələrimizin daha da genişləndirilməsinə töhfəsini vurğulayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930