Gundemxebert Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib



Sentyabrın 29-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azturkxeber.az xəbər verir ki, görüşdə Azərbaycanla Avropa Komissiyası arasında Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji tərəfdaşlıq, dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Avropa İttifaqına üzv dövlətlərlə Azərbaycan arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.
Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə edilib. Bildirilib ki, regionda dayanıqlı sülh və sabitliyin təmin olunması yeni nəqliyyat-kommunikasiya imkanlarının yaranmasına, iqtisadi əlaqələrin genişlənməsinə və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verə bilər.
Ceyhun Cəlilov Naxçıvanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən mühüm strateji bölgə olduğunu diqqətə çatdırıb. Zəngəzur dəhlizi və onun çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan TRIPP layihəsinin regional nəqliyyat bağlantılarının genişləndirilməsi baxımından əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, layihənin reallaşması Naxçıvanın Azərbaycanın digər əraziləri ilə quru yol əlaqəsinin təmin olunmasına imkan yaradacaq. Buradan keçəcək dəmir yolu xəttinin isə Naxçıvanı Türkiyə ilə birləşdirən mühüm nəqliyyat bağlantısına çevrilməsi nəzərdə tutulur. Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının bu nəqliyyat marşrutlarının fəaliyyətə başlaması və regional əhəmiyyətinin daha da artması üçün yeni imkanlar yaradacağı bildirilib.
Görüşdə Naxçıvanın enerji potensialı və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr də diqqətə çatdırılıb. Ordubad rayonunda Tivi və Ordubad su elektrik stansiyalarının yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib. Naxçıvanın enerji potensialının gələcəkdə Cəbrayıl elektrik qovşağı ilə əlaqələndirilməsi, istehsal olunan enerjinin Türkiyəyə ixracı və daha geniş enerji bazarlarına çıxarılması imkanları vurğulanıb.
Naxçıvanda kənd təsərrüfatının inkişafının da diqqətdə saxlanıldığı bildirilib. Bu sahədə istehsalın artırılması, fermerlərə göstərilən dövlət dəstəyi və subsidiyaların verilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub. Bölgənin turizm potensialının və turizm sənayesinin inkişafı imkanları da müzakirə edilib. Eyni zamanda Naxçıvanda metallurgiya sənayesinin inkişafı istiqamətində əldə olunan irəliləyişlər, yeni istehsal imkanları diqqətə çatdırılıb. Sahibkarlara tətbiq edilən 10 illik vergi güzəştləri, investisiya mühitinin daha da yaxşılaşdırılması və regionun gələcəkdə azad iqtisadi zonaya çevrilməsi istiqamətində həyata keçirilən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinin tərkibində yer alan Avropa Yenidənqurma və İnkişaf Bankının Türkiyə və Qafqaz üzrə icraçı direktoru Elisabetta Falcetti həyata keçirilməsi nəzərdə tutulan layihələrin əhəmiyyətinə toxunub. O, layihələrin maliyyələşdirilməsi istiqamətində bank tərəfindən təqdim olunan imkanları, o cümlədən güzəştli kreditlərin rolunu diqqətə çatdırıb.
Adrien Kirali səfərin əhəmiyyətini vurğulayıb, Naxçıvanın nəqliyyat, enerji və iqtisadi potensialının inkişafı ilə bağlı təqdim olunan məlumatların əhəmiyyətini qeyd edib. Qarşıdakı illərdə Avropa Komissiyası tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin iqtisadi aspektləri və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.v.com
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: