DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Tarixi yazanlar və yaradanlar” adlı anım tədbiri keçirilib



Tədbirdə “Şuşa, sən azadsan!” sənədli filmi nümayiş olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Tarixi yazanlar və yaradanlar” adlı tədbir keçirilib.
Şəhid ailələri və müharibə veteranlarının iştirakı ilə keçirilən tədbirdən əvvəl Mərkəzin təlimçi və benefisiarlarının vətənpərvərlik mövzusunda əl işlərindən ibarət sərgi nümayiş olunub. Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev çıxış edərək bildirib ki, 6 il əvvəl, 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz uğurlu hərbi əməliyyatlara başlayıb. 44 günlük Vətən müharibəsi möhtəşəm tarixi Zəfərimizlə nəticələnib. 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımız azadlığına qovuşub. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş, cəmi 23 saat davam edən uğurlu antiterror əməliyyatı nəticəsində isə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasına nail olunub.
Qeyd edilib ki, şəhidlərimizin xatirəsi hər zaman uca tutulur. Şəhid ailələri, müharibə iştirakçıları dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunublar və onlarla bağlı ardıcıl sosial dəstək tədbirləri həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində də digər həssas qruplarla yanaşı, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və övladlarının yaradıcılıq potensialının inkişaf etdirilməsi, cəmiyyətə inteqrasiyası istiqamətində davamlı işlər aparılır.
Tədbirdə Vətən müharibəsi şəhidi İsmayıl Qasımovun həyat yoldaşı, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əməkdaşı Məftunə Qasımova çıxışında dövlət tərəfindən şəhid ailələrinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib. O, Mərkəzdə fəaliyyət göstərməyin onun üçün həm mənəvi güc, həm də şəhidlərimizin əmanət etdiyi dəyərlərə xidmət etmək imkanı olduğunu vurğulayıb.
Vətən Müharibəsi Qəhrəmanı Cavid Behbudov qəhrəman döyüşçülərimizin cəbhədə göstərdiyi şücaətlərdən, xalqımızın dəmir yumruq kimi birliyindən bəhs edib. Şanlı Zəfərin hər birimizdə sonsuz iftixar və qürur hissi yaratdığını, Ordumuzun qüdrətini, xalqımızın mənəvi gücünü və sarsılmaz milli həmrəyliyini bütün dünyaya nümayiş etdirdiyini bildirib.
Sonra Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və "Salnaməfilm" studiyasının birgə istehsalı olan "Şuşa, sən azadsan!" sənədli filminin yaradıcı heyəti çıxış edib.
Filmin ssenari müəllifi Rasim İsmayılov və rejissor Cavidan Şərifov Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın baş prodüserliyi ilə ərsəyə gələn filmin dünya hərb tarixinə düşən Şuşa əməliyyatının vizual yaddaş pasportu olduğunu vurğulayıblar. Prodüserləri Nazim Hüseynov və Orman Əliyev olan bu ekran əsəri gələcək nəsillərə müasir tariximizin şanlı səhifələrini dürüst və obyektiv kadrlarla izləmək üçün unikal töhfə kimi qiymətləndirilib.
Sonda tədbir iştirakçıları "Şuşa, sən azadsan!" sənədli filmini izləyiblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: