TÜRKİYƏ MÜDAFİƏ SƏNAYESİ ADEX 2026-DA 61 ŞİRKƏTLƏ İŞTİRAK EDƏCƏK

Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin koordinasiyası ilə Türkiyə müdafiə sənayesi Azərbaycanın paytaxtı Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi – ADEX 2026-da 61 şirkətlə iştirak edəcək.
Azturkxeber.az xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə Türkiyə ADEX tarixinin ən geniş milli pavilyonu ilə təmsil olunacaq və eyni zamanda sərgidə ən çox şirkətlə iştirak edən ölkə olacaq.
Müdafiə Sənayesi İdarəsinin rəhbərliyi, Müdafiə və Aviasiya Sənayesi İxracatçıları Birliyinin dəstəyi ilə yaradılan və ROKETSAN-ın baş sponsorluq etdiyi milli pavilyonda ASELSAN, TUSAŞ, Baykar və HAVELSAN da daxil olmaqla, Türkiyə müdafiə sənayesinin aparıcı müəssisələri öz məhsul və imkanlarını nümayiş etdirirlər.
Müdafiə Sənayesi İdarəsinin rəisi, professor, doktor Haluk Görgün Türkiyənin ADEX 2026-da iştirakı ilə bağlı fikirlərini bölüşərək deyib:
“ADEX tarixinin ən geniş milli pavilyonu ilə təmsil olunan Türkiyə 61 müdafiə sənayesi şirkəti ilə bu il də sərgidə ən çox iştirak edən ölkə oldu. İndiyədək olan ən böyük iştirakımızı ən qabaqcıl texnologiyalarımızla daha da zənginləşdiririk. Bu mənzərə təsadüfi deyil: 2025-ci ildə müdafiə və aviasiya sənayesi üzrə ixracatımız 10 milyard dolları ötüb, yerlilik səviyyəmiz isə 80 faizi keçib. Bu gün Bakıda gördüyünüz genişmiqyaslı iştirak həmin artımın təbii təzahürüdür.”
TÜRK DÖVLƏTLƏRİ ARASINDA MÜDAFİƏ SƏNAYESİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ GÜCLƏNİR
ADEX 2026 çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumları rəhbərlərinin ikinci toplantısı da Bakıda keçiriləcək.
Ötən il İstanbulda IDEF sərgisi çərçivəsində ortaya qoyulan birgə istehsal iradəsi Bakıda konkret fəaliyyət yol xəritəsinə çevriləcək. Toplantıda türk dünyasının müdafiə sənayesi sahəsində birgə düşünmək, birgə inkişaf etdirmək və birgə istehsal etmək əzmi bir daha təsdiqlənəcək.
AZƏRBAYCANDA MÜDAFİƏ SƏNAYESİ EKOSİSTEMİ GENİŞLƏNİR
Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq istehsal, texnologiya transferi, mühəndislik və məşğulluq istiqamətlərində inkişafını davam etdirir.
ASELSAN Bakı, Bayraktar Teknoloji Azərbaycan, Maşın və Kimya Azərbaycan, eləcə də TUSAŞ Azərbaycan Mühəndislik Ofisinin də daxil olduğu altı birgə şirkət Azərbaycanın müdafiə sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərir.
TUSAŞ-ın HÜRKUŞ təyyarəsinin bəzi hissələrinin Azərbaycanda istehsalına dair yerli sənaye müəssisələri ilə apardığı danışıqlar da davam edir.
Müdafiə Sənayesi İdarəsinin rəisi, professor, doktor Haluk Görgün Türkiyə-Azərbaycan müdafiə sənayesi əməkdaşlığı ilə bağlı qiymətləndirməsində bildirib:
"Bu inkişaflar Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inteqrasiya olunmuş tərəfdaşlıq modelinə çevrildiyinin ən konkret göstəricisidir. Bu gün Azərbaycanda ASELSAN Bakıdan Bayraktar Teknoloji Azərbaycana, Maşın və Kimya Azərbaycandan TUSAŞ Azərbaycan Mühəndislik Ofisinədək altı birgə şirkətimiz istehsaldan texnologiya transferinə, mühəndislikdən məşğulluğa qədər geniş spektri əhatə edən bir ekosistem formalaşdırır.”
ADEX 2026-nın Türkiyə müdafiə sənayesinin çatdığı səviyyəni və Türkiyə ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın gəlib çatdığı mərhələni nümayiş etdirdiyini bildirən Müdafiə Sənayesi İdarəsinin rəisi, professor, doktor Haluk Görgün qardaş Azərbaycanla birgə istehsal və birgə inkişaf iradəsinin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: