Ombudsman Səbinə Əliyeva Lənkəranda vətəndaşları qəbul edib










Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Lənkəran şəhərinə səfəri çərçivəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Azturkxeber.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib.
Səfər çərçivəsində Ombudsman Səbinə Əliyeva müraciət edən şəxsləri qəbul edib.
Qəbul zamanı müxtəlif sosial, iqtisadi və hüquqi xarakterli məsələlərlə bağlı müraciətlər dinlənilib. Müraciətlərdə mülkiyyət və əmlak, məhkəmə qərarlarının icrası, sosial təminat və əlilliyin qiymətləndirilməsi, tibbi yardım, məşğulluq, vətəndaşlıq və digər hüquqi məsələlərə dair problemlər qaldırılıb.
Ombudsman hər bir müraciətçini fərdi qaydada qəbul edərək qaldırılan məsələləri dinləyib, onların hüquq və azadlıqlarının təmin olunması ilə bağlı müvafiq hüquqi izah və tövsiyələr verib.
Həlli ilə bağlı tədbirlərin görülməsi mümkün olan məsələlər üzrə müvafiq tapşırıqlar verilib, əlavə araşdırma tələb edən müraciətlərin isə nəzarətdə saxlanılacağı və qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilib.
Müraciətçilərin qəbulu Ombudsmanın insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, müraciətlərə çevik baxılması və pozulmuş hüquqların bərpasına yönəlmiş fəaliyyətinin mühüm istiqamətlərindən biridir.
Qəbul zamanı müraciətçilərə hüquqi məsləhətlər verilib, həmçinin Ombudsmana müraciət imkanları barədə məlumat çatdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: