Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır


Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı keçirilmiş mübarizə tədbirləri uğurla davam etdirilir.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 111 kiloqram 200 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində uçuş aparatı vasitəsilə sentyabr ayının 22-də dövlət sərhədindən ölkə ərazisinə keçirilməsinə cəhd edilən 57 kiloqram 500 qram, sentyabrın 24-də isə 53 kiloqram 700 qram narkotik vasitə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılmışdır.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: